Bakıda yeni enerji xətti çəkilir
    • 1-04-2019, 15:11
    • 929

Bakıda yeni enerji xətti çəkilir

“Azərenerji” ASC Bakı şəhərinin enerji etibarlığını gücləndirmək üçün yeni xətt çəkir.

Qurumdan News24.az-a verilən məlumata görə, “Azərenerji” ASC Bakı şəhərinin elektrik enerjisi təchizatının etibarlığını və dayanıqlığını daha da gücləndirmək məqsədi ilə, Şirvan şəhərində yerləşən “Cənub” Elektrik Stansiyasından “Xırdalan” yarımstansiyasına 220 kV-luq yüksək gərginlikli yeni elektrik veriliş xətti çəkir. Yeni xəttin çəkilməsi enerjisistemin etibarlığını artırmaqla yanaşı, həm də, şəhərə daxil olan hansısa yüksəkgərginlikli hava xəttində problem yaranarsa, yükün bir xətdən başqa xəttin üstünə keçirilməsinə imkan yarada biləcək. Yeni xətt istifadəyə verildikdən sonra, digər yüksəkgərginlikli xətləri açıb, onların üzərində təmir-bərpa işləri aparmaq da asanlaşacaq. Şirvandan Xırdalana 108 km məsafədə çəkilən 220 kV-luq yüksək gərginlikli elektrik veriliş xətti üzrə 367 anker dayaqdan 365-i quraşdırılıb və 14 km istisna olmaqla, naqillər asılıb. Yaxın günlərdə işlər tam yekunlaşacaq və yeni xətt istismara veriləcək.