“Qeyri-rəsmi məşğulluğun qarşısının alınması” mövzusunda tədbir keçirilib
    • 1-04-2019, 17:11
    • 821

“Qeyri-rəsmi məşğulluğun qarşısının alınması” mövzusunda tədbir keçirilib

Əmək müqaviləsi işçiyə həyatının, sağlamlığının və əməyinin mühafizəsini təmin edən əmək şəraitində işləmək, minimum əmək haqqından aşağı olmayan əmək haqqı almaq hüququ verir.

Müqavilə ilə işçi həmçinin, qanunvericiliklə müəyyən edilmiş iş vaxtı müddətində çalışmaq, iş vaxtından artıq vaxtda işə cəlb olunduqda əlavə əmək haqqı almaq və ya onun verilməsini tələb etmək və s. kimi hüquqlara malik olur.

Əmək münasibətləri rəsmiləşdirilmədən, qeyri-leqal şəkildə işlərə cəlb olunanlar isə bütün bu hüquqlardan məhrum olurlar.

News24.az-a xəbər verir ki, bu fikir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 21 saylı regional bölməsinin Gəncə şəhərində “Əmək münasibətlərinin rəsmiləşdirilməsi, əmək müqaviləsinin bağlanması, şərtlərinin dəyişdirilməsi, xitam verilməsinin əsasları qaydaları” və “Qeyri-rəsmi məşğulluğun qarşısının alınması” mövzularında keçirdiyi maarifləndirici tədbirində vurğulanıb.

Tədbirdə Gəncə şəhəri, Samux və Göygöl rayonlarının ayrı-ayrı işəgötürənləri, həmkarlar təşkilatlarının, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli bölmələrinin rəhbərləri, Vergilər Nazirliyinin nümayəndəsi  iştirak ediblər.

Əmək münasibətlərinin rəsmiləşdirilməsi proseduru, əmək müqaviləsinin bağlanması, şərtlərinin dəyişdirilməsi və xitam verilməsinin əsasları və qaydaları barədə məlumat verilib. Qeyri-rəsmi məşğulluq hallarının işçilərin əmək və sosial hüquqlardan məhrum olması,vergi və sosial sığorta daxilolmalarına ciddi ziyan vurulması ilə nəticələndiyi diqqətə çatdırılıb.