Xankəndi şəhər stadionu kimin balansına verildi? - SON DƏQİQƏ
    • 12-11-2023, 19:13
    • 297

Xankəndi şəhər stadionu kimin balansına verildi? - SON DƏQİQƏ

Xankəndi şəhər stadionu Gənclər və İdman Nazirliyinin (GİN) balansına verilib.

News24.az  sportinfo-ya istinadla bildirir ki, bu haqda AFFA-dan məlumat əldə edilib.

Redaksiyamıza daxil olan informasiyaya görə, hazırda orada aparılan yenidənqurma işləri ilə nazirlik məşğuldur.

Federasiyanın baş katibi Sərxan Hacıyev və Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov yaxınlarda Qarabağa yollansa da, stadionda görülən tədbirlərə bilavastə GİN tərəfindən nəzarət edilir.

Bir müddət öncə başlayan söküntünun ilkin mərhələsi arxada qalıb.

Qondarma rejimin «bayrağ»ının rənglərində olan oturacaqlar artıq zibilliyə atılıb. Həmçinin ötən əsrdən qalan işıq dirəkləri zibilliyə atılıb.

Ən qısa zamanda arenaya yeni oturacaqlar quraşdırılacaq.

Bununla paralel olaraq, meydançaya, paltardəyişmə və hakimlər otaqlarına ciddi şəkildə «əl gəzdiriləcək». Tribunada yeni sektor yaradılacaq, VİP-loja düzəldiləcək.

Bütün bu tədbirlər nə vaxt sona çatdırılacaq? Planda dəyişiklik olmasa, stadion dekabrın üçüncü ongünlüyündə hazır vəziyyətə gətiriləcək.

Bu il Xankəndində rəsmi oyun keçiriləcək. Mötəbər hadisənin Premyer Liqanın 18-ci turuna təsadüf eləməsi gözlənilir.

İlin son turunda «Zirə» ilə «Qarabağ» üz-üzə gələcək. Təqvimə əsasən, dekabrın 22-də Bakıətrafı qəsəbədə keçirilməsi nəzərdə tutulmuş matçın yerinin və gününün dəyişdirilməsi gündəmdədir.

«Köhlən atlılar»ın ayın 24-də «Zirə»ni Xankəndində qəbul eləməsi ehtimalı böyükdür.