Prokuror sabiq bələdiyyə sədrinə 9 il cəza istədi
    • 14-11-2023, 11:31
    • 182

Prokuror sabiq bələdiyyə sədrinə 9 il cəza istədi

Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayon bələdiyyəsinin keçmiş sədri Aytac Əliyeva və bacısı İlknur Əliyevanın (Turkut) cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

News24.az-ın məlumatına görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili vəsatət qaldırıb. O bildirib ki, Aytac Əliyevanın səhhətində ciddi problem yaranıb və bu problem Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsində müayinə zamanı da təstiqini tapıb: "Onun təcridxana şəraitində müalicəsi mümkün deyil. O ev şəraitində müalicə almalıdır. Xahiş edirik, Aytac Əliyeva istintaq dövründə ev dustaqlığına buraxılsın".

Məhkəmə vəsatəti təmin etməyib.  

Prosesdə məhkəmə istintaqı yekunlaşıb və prokuror təqsirləndirilən şəxslərə cəza istəyib. 

Dövlət ittihamçısı A. Əliyevanın 3 il vəzifə tutmaqdan məhrum edilməklə 9 il, İlknur Turkutun isə 8 il azadlıqdan məhrum edilməsini istəyib.

İttihama görə, Aytac Əliyeva və bacısı Turkut İlknur tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə bir neçə nəfərin əmlakını ələ keçirib.

İttiham olunan bacılar özlərini qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olan geniş əlaqələrə sahib şəxslər kimi təqdim ediblər. Belə ki, təqsirləndirilən şəxslər onlara pul veriləcəyi təqdirdə həmin vəsaitə qızıl-zinət əşyaları alıb əhatələrində olan yüksək vəzifəli şəxslərə baha qiymətə satacaqları barədə vədlər ediblər.

Aytac Əliyeva və Turkut İlknur ümumilikdə 9 nəfərə qarşı 1 milyon manata yaxın dələduzluq etməkdə təqsirli biliniblər.

Onlar barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılaraq barələrində həbs qətimkan tədbiri seçilib.

İttiham olunan İlknur Əliyeva bir müddət əvvəl ev dustaqlığına buraxılıb. 

Samir Əli