Madaqaskarda işləmiş azərbaycanlı alim vəfat etdi
    • 5-08-2022, 15:42
    • 400

Madaqaskarda işləmiş azərbaycanlı alim vəfat etdi

Azərbaycan Texniki Universitetinin (AzTU) professoru Əli Sadıxov 84 yaşında vəfat edib. 

News24.az-ın xəbərinə görə, Əli Sadıxov 1962-ci ildə Azərbaycan Politexnik İnstitutunu (İndiki Azərbaycan Texniki Universiteti) maşınqayırma texnologiyası, metalkəsən dəzgahlar və alətlər ixtisası üzrə bitirib. 1964-cü ildə Maşınqayırma texnologiyası kafedrasına assistent vəzifəsinə işə qəbul olunub. 1984-cü ildə dosent, 1991-ci ildə professor elmi adı alıb.

1971-1976-cı illərdə Əlcəzair Xalq Demokratik Respublikası, 1980-1984-cü illərdə Madaqaskar universitetlərində pedaqoji fəaliyyət göstərib.

1984-1987-ci illərdə Maşınqayırma texnologiyası kafedrasının müdiri, 1987-1989-cu illərdə Təhsil Nazirliyinin (indiki Elm və Təhsil Nazirliyi) Ali Məktəblər İdarəsinin rəisi vəzifəsində çalışıb. 1989-cu ildə Azərbaycan Politexnik İnstitutunun tədris işləri üzrə prorektoru, 1990-1992-ci illərdə rektoru vəzifəsini icra edib.

Onun rektor vəzifəsində çalışdığı dövrdə instituta universitet statusu verilib və Azərbaycan Texniki Universiteti adlandırılıb.

140-dan çox elmi-metodiki əsərin, o cümlədən 12 ixtira, 15 dərs vəsaiti və monoqrafiyanın müəllifidir.