İlin ilk 3 ayı ərzində 193- Çağrı Mərkəzinə 4 mindən çox müraciət daxil olub
    • 4-04-2019, 14:24
    • 1 267

İlin ilk 3 ayı ərzində 193- Çağrı Mərkəzinə 4 mindən çox müraciət daxil olub

Vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinin interaktiv qəbulu Əmlak Məsələləri Dövlət Komitəsinin 193 nömrəli Çağrı Mərkəzi vasitəsilə aparılır.

Komitənin fəaliyyəti ilə bağlı ünvanlanan bütün müraciətlər mərkəz tərəfindən operativ və əhatəli formada cavablandırılır. Müvafiq qurum və idarələrdə göstərilən xidmətlərin keyfiyyətinin artırılması, şəffaflığın, məmnunluğun təmin edilməsi məqsədilə vətəndaşların rəy və təklifləri də qəbul edilir. Göstərilən bütün xidmətlər barədə vətəndaşlar məlumatlandırılır, prosedurlar geniş formada izah edilir.

Bundan başqa Çağrı Mərkəzi hüquqi yardım almaq istəyən vətəndaşların da müraciətləri qəbul edir. 

News24.az
xəbər verir ki, statistik göstəricilərə görə ilin ilk 3 ayı ərzində Komitənin Çağrı Mərkəzinə 4 mindən çox müraciət daxil olub. Müraciətlərdən 1500-ə yaxını daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyatı, 750-ə yaxını məktub və  ərizələrin icrası, 300-ə yaxını adına əmlakın olması barədə arayış, 100-ə yaxını dövlət əmlaklarının özəlləşdirilməsi ilə bağlı olub.

Çağrı Mərkəzinə bölgü sxemi, kadastr, dövlət rüsumu və xidmət haqqı, elektron xidmətlər və digər mövzular üzrə  müraciətlər də daxil olub. Qeyd edək ki, yanvar-mart aylarında Çağrı Mərkəzinin qəbul etdiyi  müraciətlərin 3,8 mindən çoxu sorğu tiplidir. Vətəndaşlar tərəfindən ünvanlanan bütün suallar komitənin əməkdaşları tərəfindən qanunvericiliyə uyğun olaraq cavablandırılmışdır. 

Ümumi müraciətlər arasında araşdırma tələb edən müraciətlər də yer alıb. Bu tip müraciətlər qeydiyyata alınıb və  müvafiq struktur bölmələrə göndərilib. Struktur bölmələrə daxil olan məsələlərin qanunvericiliyə uyğun həlli təmin edilib. 

Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyət istiqamətləri ilə bağlı vətəndaşların daha operativ formada informasiya əldə etməsi, sorğuların dərhal cavablandırılması üçün Çağrı Mərkəzində yeni və müasir üsullar tətbiq olunur. Bununla eyni anda bir neçə vətəndaş müraciəti qəbul edilir. Qeyd edək ki, 193-Çağrı Mərkəzi canlı və səsli menyu rejimində olmaqla fasiləsiz fəaliyyət göstərir.  Canlı rejim həftənin iş günləri saat 09:00-dan 18:00-dək həyata keçirilir. Səsli menyu rejimi isə iş vaxtından sonrakı vaxtlarda, həftənin qeyri-iş günləri və bayram günlərində fəaliyyət göstərir.