Milli Preventiv Qrupun üzvləri tərəfindən  başçəkmələr davam etdirilir
    • 4-04-2019, 15:21
    • 1 074

Milli Preventiv Qrupun üzvləri tərəfindən başçəkmələr davam etdirilir

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Müvəqqəti saxlama yeri və istintaq təcridxanasına əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçirilib.

Ombudsman Aparatından News24.az-a verilən məlumata görə, başçəkmədə məqsəd bu müəssisədə saxlanma şəraiti və rəftar məsələlərinin, saxlanılan şəxslərin hüquqlarının təmin olunması vəziyyətinin araşdırılmasından ibarət olub.

Başçəkmə zamanı saxlanma şəraiti, qidalanma, tibbi yardım, gəzinti və digər hüquqların təmin olunması vəziyyəti, rəftar məsələləri araşdırılmış, bu məqsədlə bir sıra təqsirləndirilən şəxslər fərdi qaydada qəbul edilib. 

Qəbul edilmiş şəxslərə hüquqları, müvafiq qanunvericiliyin tələbləri, müraciətləri üzrə Ombudsmanın səlahiyyətləri izah olunmuş, bəzi şəxslər tərəfindən barələrində aparılan istintaqla bağlı qaldırılan məsələlər üzrə onlara hüquqi məsləhətlər verilib.

Başçəkmənin yekununda Müvəqqəti saxlama yeri və istintaq təcridxanasının rəhbərliyi ilə müzakirələr aparılmış, milli və beynəlxalq qanunvericiliyə uyğun müvafiq tövsiyələr verilib.