Pambıq əkinində yeni texnologiyalar nümayiş etdirilib
    • 4-04-2019, 16:26
    • 895

Pambıq əkinində yeni texnologiyalar nümayiş etdirilib

Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və İnnovasiya Mərkəzinin Bitki Mühafizə və Texniki Bitkilər İnstitutunun Ucar rayonunda yerləşən Şirvan Təcrübə Stansiyasında “Yeni texnologiya ilə əkiləcək pambıq sahəsinə mineral gübrələrin verilməsi və səpinqabağı becərmə işlərinin təşkili” mövzusunda tarla seminarı keçirilib.

Kənd Təsərrüfatı Nazirliyinin Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, tarla seminarında 10 hektar torpaq sahəsində innovativ Çin texnologiyası ilə nümunəvi pambıq əkini və becərilməsi prosesi nümayiş etdirilib.

Sahə nümayişində iştirak edən kənd təsərrüfatı nazirinin müşaviri Şöhrət Vəkilov, Təhsil və təlim şöbəsinin müdiri İmran Cümşüdov, Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Rafail Quliyev bölgədə pambıq əkən fermerlərə yeni texnologiyanın üstünlükləri haqqında ətraflı məlumat veriblər.

Bildirilib ki, ayrılmış torpaq sahəsində ötən ilin payızında dönər kotanla  şumlama aparılıb, fevral ayından başlayaraq sahə lazer mala ilə hamarlanıb, dərin yumşaldıcı ilə 70 sm-ə qədər reperləmə əməliyyatı aparılıb. Sahələrin lazer mala ilə hamarlanması və reperləmə əməliyyatları Ucar və ətraf  rayonlarda pambıqçılıqla məşğul olan fermerə nümayiş olunub.

Əkin sahəsinə hər hektara 260 kq hesabı ilə şumaltı gübrə, nitroammofoska tətbiq olunub, mineral gübrə torpağın kimyəvi-fiziki xüsusiyyətlərinin yaxşılaşmasına, çıxışdan sonra bitkilərdə güclü kök sisteminin yaranmasına və normal inkişafına münbit şərait yaradıb. Gübrənin sahəyə verilməsindən sonra ağır diskli mala vasitəsi ilə səpinqabağı becərmə işləri yerinə yetirilib.

Tarla seminarında yeni texnologiyanın üstünlükləri əyani nümayiş etdirilib, Çindən gəlmiş mütəxəsislər fermerlərin çoxsaylı suallarını mövcud təcrübə əsasında əhatəli cavablandırıblar.