-
- 23-11-2023, 13:41
- 484
Taxta bazarına yanğında dəyən ziyanı kim ödəyəcək?
Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektində yerləşən inşaat materialları bazarında yanğın olub. “Dərnəgül” taxta bazarının ərazisində baş verən yanğının sahəsi 4 min kvadratmetrə çatıb. Hadisə nəticəsində 1 nəfər dünyasını dəyişib. Bəs, “Dərnəgül” taxta bazarına dəyən ziyan kim tərəfindən ödəniləcək?
Mövzu ilə bağlı News24.az-a danışan iqtisadçı Natiq Cəfərli bildirdi ki, dəyən ziyanın miqdarı hələki məlum deyil:
"Dəyən ziyan barədə hələ məlumat yoxdur. Çünki nə qədər məhsulun tələf olduğu bilinmir. Əgər sahibkarlar mağazalarını sığortalayıbsa, dəyən ziyan sığorta şirkətləri tərəfindən ödənəcək. Azərbaycanda sığorta mədəniyyəti zəif inkişaf etdiyindən inanmıram ki, sahibkarlar həmin obyektləri sığortalayıb. Əgər sığorta yoxdursa, dəyən ziyanı ödəmək vətəndaşların yaxud iş adamlarının çiynində qalacaq. Dövlətin bununla bağlı kompensasiya ödəyəcəyini düşünmürəm".
Qeyd edək ki, Ziya Bünyadov prospektindəki inşaat materialları bazarında baş verən yanğının söndürülməsi üçün əlavə texnika və canlı qüvvə cəlb olunub. Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti həyata keçirdiyi zəruri və təxirəsalınmaz tədbirlər sayəsində taxta bazarındakı yanğın məhdudlaşdırıb.
Qumral Əliyeva