Hərbçilər arasında keçirilən atletika yarışları başa çatıb - FOTO
    • 24-11-2023, 10:18
    • 98

Hərbçilər arasında keçirilən atletika yarışları başa çatıb - FOTO

Cari ilin hazırlıq planına əsasən Quru Qoşunlarında hərbi qulluqçular arasında keçirilən atletika üzrə yarışlar başa çatıb.

News24.az xəbər verir ki, bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, “N” hərbi hissənin idman şəhərciyində keçirilən yarışlarda birlik, birləşmə və əlahiddə bölmələri təmsil edən 8 komanda mübarizə aparıb.

Bağlanış mərasimində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, Vətənimizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Hərbi Orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Çıxış edənlər beynəlxalq qaydalara uyğun keçirilən birinciliyin uğurla başa çatdığını qeyd ediblər. Hər bir yarışçının yüksək fiziki hazırlıq, bacarıq və mübarizlik nümayiş etdirdiyi qeyd olunub.

Müxtəlif məsafələrə qaçış və estafet yarışlarında güclərini sınayan komandalar arasında yekun nəticələrə əsasən “Şəmkir” komandası qalib olub.

Qalib komandaya və fərdi nəticələrə görə ilk üç yeri tutan hərbi qulluqçulara kubok, fəxri fərmanlar və medallar təqdim olunub.

Sonda yarış iştirakçıları ilə birgə xatirə şəkli çəkdirilib.