-
- 24-11-2023, 15:16
- 218
Dövlət Xidmətinin rəisi Bərdədə vətəndaş qəbulu keçirdi - FOTO
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi Mürsəl İbrahimov noyabrın 24-də Bərdə şəhərində yerləşən Yeni Azərbaycan Partiyasının inzibati binasında Ağcabədi, Ağdam, Tərtər, Füzuli, Laçın, Xocalı və Bərdə rayonlarından olan vətəndaşları qəbul edib.
News24.az xəbər verir ki, qəbuldan əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilərək önünə gül dəstəsi qoyulub, əziz xatirəsi ehtiramla yad edilib.
Qəbulda 40 vətəndaşın müraciəti dinlənilib. Vətəndaşlar SHXÇDX-də həqiqi hərbi xidmətə və ya işə qəbul, tibbi şəhadətləndirmə, Vətən müharibəsində iştiraka görə təltif olunma, şəhid və şəhid ailəsi statusunun verilməsi, müharibə veteranı adı və vəsiqəsinin verilməsi, müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət verilməsi, övladlarının gələcək müddətli həqiqi hərbi xidmət yerinin müəyyənləşdirilməsi və s. məsələlərlə bağlı müraciət ediblər.
Xidmət rəisi Mürsəl İbrahimov qəbul zamanı hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.
Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. SHXÇDX-nin səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınıb.
Qəbulda iştirak edən vətəndaşlar göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.