-
- 24-11-2023, 20:45
- 263
Nazir Casim Əl-Budeyvi arasında görüş oldu
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə ölkəmizdə səfərdə olan Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) Baş katibi Casim Əl-Budeyvi arasında görüş keçirilib.
Xarici İşlər Nazirliyindən (XİN) News24.az-a bildirilib ki, görüş zamanı Azərbaycan ilə KƏŞ arasında mövcud əməkdaşlıq gündəliyində duran məsələlər, habelə münasibətlərin inkişaf perspektivləri müzakirə olunub.
Bununla yanaşı, KƏŞ-in bir sıra regional fotmatlarında, xüsusilə də Orta Asiya ölkələri ilə əməkdaşlıq mexanizmlərində ölkəmizin iştirakının və proseslərə yaxından cəlb olunmasının əhəmiyyəti vurğulanıb.
C.Bayramov bu xüsusda ölkəmizin sədrliyi altında BMT Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün xüsusi proqramının (SPECA) Bakı həftəsi və sammitinin, əldə olunmuş razılaşmaların bölgədə əməkdaşlığa əlavə təkan verəcəyini bildirib.
Azərbaycanın KƏŞ-ə üzv dövlətlərlə tarixi dostluq, qarşılıqlı hörmət, dəstək və həmrəyliyə əsaslanan münasibətlərin mövcudluğundan bəhs edən nazir bu münasibətlərin KƏŞ çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığa təkan verdiyini qeyd edib.
KƏŞ ölkələri ilə iqtisadi, enerji, nəqliyyat, turizm, təhsil və digər sahələrdə birgə layihələrin cari vəziyyəti və perspektivləri qeyd olunub, sərmayələr sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi, birgə iqtisadi forumların keçirilməsi istiqamətində mövcud potensialdan istifadənin zəruri olduğu diqqətə çatdırılıb.
Ceyhun Bayramov post-münaqişə dövründə bölgədəki vəziyyət, sülh perspektivləri barədə qarşı tərəfə məlumat verib.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.