"Görünən odur ki, illərimizi xərcləyirik" - Rəşad Sadıqov
    • 26-11-2023, 22:47
    • 268

"Görünən odur ki, illərimizi xərcləyirik" - Rəşad Sadıqov

"Oyun sürətli başladı. İki komanda da hücuma üstünlük verirdi. Fasilədən sonra oyuna nəzarəti üzərimizə götürdük . Bununla da rəqibə kombinasiya yaratmağa imkan vermədik".

News24.az qol.az-a istinadla xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 14-cü turunda bu gün səfərdə "Sumqayıt"la keçirilən oyundan sonra mətbuat konfransında deyib.

O, qolsuz başa çatan matçı belə şərh edib: "Hücumlarımız oldu, amma çox təhlükəlili deyildi. İkinci hissədə meydanda taktiki savaş gedirdi. Son saniyələrə qədər gərgin oyun getdi. Belə matçlar futbolumuzun inkişafı üçün faydalıdır. Bir xal pis deyil. Çətin səfərdə idik. Üstünlüyümüz olsa da, qələbə qazana bilmədik".

R.Sadıqov "Azərbaycan millisi son seçmə mərhələdə 7 xaldan daha artığını yığa bilərdimi?" sualını belə cavablandırıb: "Bir az çətin sualdır. Belə ümumi cavab vermək düzgün deyil. Bəlkə də çox və ya az xal yığarsan. Burada məsələ az-çox xal yığmaqda deyil. Məsələ, düzgün yol seçib həmin yolu getməkdədir. Vacib amil odur ki, uzunmüddətli plan tutulmalıdır. Yoxsa, görünən odur ki, illərimizi xərcləyirik. Yaxşı olardı ki, daha uzunmüddətli və daha uğurlu layihə olsun. Biz bunu bu gün də olmasa, 4-5 il sonra bəhrəsini görərik. Heyətimizə gəldikdə, 1-2 mövqedə rəqabət azdır, amma ümumi götürsək, heyətimiz yaxşıdır və onu bir çox oyunlarda gördük. Əvvəlcədən nəsə demək çətindir".