-
- 5-04-2019, 16:39
- 920
Akademik Milli Dram Teatrında "Ölülər" tamaşası nümayiş olunacaq
Aprelin 6-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində Cəlil Məmmədquluzadənin “Ölülər” pyesi əsasında hazırlanmış eyniadlı iki hissəli komediya-tamaşa nümayiş olunacaq.
Teatrın mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, tamaşada görkəmli bəstəkar, SSRİ xalq artisti Qara Qarayevin “Ölülər” əsəri üçün bəstələdiyi musiqi yeni versiyada təqdim olunur.
Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanan səhnə əsərinin elmi məsləhətçisi akademik İsa Həbibbəylidir.
“Ölülər”in Şeyx Nəsrullahı xalq artisti Nurəddin Mehdixanlı, Kefli İsgəndəri isə əməkdar artist Anar Heybətovdur.
Tamaşada digər rolları xalq artistləri Laləzar Mustafayeva, Rafiq Əzimov, Hacı İsmayılov, Sabir Məmmədov, Əjdər Həmidov, əməkdar artistlər Aslan Şirin, Elşən Rüstəmov, Əli Nur, Elxan Quliyev, Məzahir Cəlilov, Kazım Həsənquliyev, Mirzə Ağabəyli, aktyorlar Elçin Əfəndi, Ramin Şıxəliyev, Vüsal Mustafayev, Canəli Canəliyev, Elnur Qədirov, Rüstəm Rüstəmov, Mətləb Abdullayev, Xədicə Novruzlu, Ləman İmanova, Rada Nəsibova məharətlə canlandırırlar.
Xronometrajı 130 dəqiqə olan səhnə əsərində rəsmlərin quruluşu Azər Paşa Nemətova məxsusdur.
Əsərdəki mənəvi əsarət, fanatizm və cəhalət böyük cəsarətlə aktyorların ifasında özünəməxsus çalarlarla açılır. Belə ki, yaradıcı heyət Cəlil Məmmədquluzadə düşüncələrini yüksək məharətlə ifa edərək XX əsrin əvvəllərində Azərbaycanda baş verən prosesləri, mövhumat və cahilliyin poetik və dramatik lövhələrini dolğun təcəssüm etdirə bilirlər.