Hansı xarici diplomlar ölkəmizdə tanınmır? - RƏSMİ AÇIQLAMA
    • 28-11-2023, 15:43
    • 465

Hansı xarici diplomlar ölkəmizdə tanınmır? - RƏSMİ AÇIQLAMA

Bəzi ölkələrin diplomu Azərbaycanda tanınmırsa, deməli, universitet akkreditasiyasız olub.

News24.az Day.Az-a istinadla xəbər verir ki, bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədr müavini Kamran Rəsulov "Effektiv kommunikasiya" mövzusunda keçirilən seminarda çıxışı zamanı deyib.

O qeyd edib ki, akkreditasiyasız universiteti həmin dövlətin özü tanımır.

"Gürcüstan universitetlərinin nəzdində fəaliyyət göstərən proqramların Azərbaycanda tanınması normaldır. TKTA-da akkreditasiyalı universitetlərin siyahısı olur.

Biz əyani və qiyabi təhsili tanıyırıq. Distant təhsildə tanınmada müəyyən çətinliklər yaranır. Tövsiyə olunur ki, təhsil ya əyani, ya da qiyabi seçilsin", - deyə o əlavə edib.

O, həmçinin, bildirib ki, növbəti ildə 5 peşə məktəbinin akkreditasiyası həyata keçirləcək.

"Hazırda isə bir neçə peşə məktəbində pilot layihə olaraq bu proses aparılır və dekabr ayında yekunlaşacaq", - deyə K.Rəsulov qeyd edib.

Qeyd edək ki, "Effektiv kommunikasiya" mövzusunda seminar keçirilir. Seminarda Məktəbəqədər və ümumi təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov, Elm və Ali təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, Peşə təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov iştirak edir.