-
- 30-11-2023, 11:30
- 753
“Qadınlar niyə pullu kişiyə üstünlük verməsin ki...” - Psixoloq
Bəziləri düşünür ki, qadınlar münasibət qurarkən, maddiyata daha çox üstünlük verirlər. Yəni, kasıb kişiləri sevən xanımların sayının az olduğu iddia edilir. Bəziləri isə düşünür ki, kişilər pul xərclədiyi qadınları daha çox sevirlər.
News24.az xəbər verir ki, psixoloq Əfsanə Rüstəmova bu barədə “Yeni Sabah”a danışıb:
“Qadınlar niyə pullu kişiyə üstünlük verir?” yerinə, “Qadınlar niyə pullu kişiyə üstünlük verməsin ki?” sualını verməliyik. Əgər bir qadın kişidə istədiyi meyara fikir verib, istədiyi meyara güzəştə getməlidirsə, niyə bunun müzakirəsini aparmaq lazım olsun? Emosional bağı araşdıranda, onun 4 qolundan birinin “financial support”, yəni maliyyə dəstəyi olduğunu görə bilərik və bu cütlüklər arasında müəyyən bir əlaqə yaradır. Təsəvvür edin ki, siz bir yerə 100 manat, digər bir yerə isə 20 min manat xərcləmisiniz. Əlbəttə ikinci yerdən imtina etmə şansınız daha azdır. Çünki bunu istəməzsiniz. Doğrudur, maddiyat münasibətlərdə müəyyən bir oynayır. Lakin əsas yeri tutmur. Həyatın içində pul məsələləri varsa, münasibətlərimiz də yaşadığımız həyatın bir parçasıdırsa, ona görə də bu kimi məsələlərdə maddiyatın olması çox normaldır. Sadəcə hər kəs özünün və qarşı tərəfin imkanını bilməli, buna görə nəyəsə iddia olmalıdır”.
Psixoloq bildirib ki, insanlarda pulla bağlı məsələlərə qarşı nifrət var:
“Əslində biz bu məsələdə bir az əvvələ gedib, oradan düşünməyə başlamalıyıq ki, Azərbaycanda qızları nə üçün evləndirirlər? Evdən bir boğaz əksilsin deyə. Demək ki, qızlar ailədə daha çox maddi yük sayılır. Bu səbəbdən onların ərə getməsi maddi öhdəliklərinin başqa birinə həvalə olunması mənasına gəlir. Bu məntiqlə baxanda qızın evləndiyi adam onun maddi öhdəliklərini qarşılaya biləcək şəxs olmalıdır. Adətən, insanlarda pul ilə bağlı məsələlərə qarşı nifrət var. Ona görə də belə müzakirələrdə olduqca kəskin və qeyri-etik yanaşmalardan istifadə edirlər.
“Pullu kişi” ifadəsi isə insana görə dəyişir. Kimə görə 100 manat çox böyük bir puldur, ancaq digər adam üçün 10 min manat olduqca az məbləğ hesab oluna bilər.
Bu anlayış nisbidir. Biz bu ifadələrlə hansısa yerə çata bilmərik. Ancaq cəmiyyətdə evlənmənin və münasibət qurmanın meyarları üstündə bir az daha düşünsək, yəni insanlar bu mövzunun motivini tapıb, özlərinə niyə sualını verə bilsələr, tapacağımız cavablara görə məsələnin həllini müəyyənləşdirə bilərik”.