-
- 1-12-2023, 14:38
- 169
Sahibə Qafarova Almaniya Bundestaqının sədri ilə görüşdü
Milli Məclisin sədri Sahibə Qafarova Almaniya Federativ Respublikası Bundestaqının sədri Barbel Bas ilə görüşüb.
News24.az bildirir ki, Azərbaycan Milli Məclisinin sədrini səmimiyyətlə salamlayan Bundestaqın sədri ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərin inkişaf etdirilməsi ilə bağlı fikirlərini ifadə edib. O, Milli Məclis sədrinin Almaniyaya rəsmi səfərinin ikitərəfli əlaqələrin daha da genişlənməsinə müsbət təsir göstərəcəyinə inamını ifadə edib.
Görüşdə qeyd olunub ki, ötən il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd edilib. Bu dövr ərzində ikitərəfli münasibətlər siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurla inkişaf edib və əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı imkanlar var.
Bundestaqın spikeri hazırda ölkəsinin enerji təchizatında yaranmış problemlərlə bağlı fikirlərini bölüşüb. O, bu çərçivədə Almaniyanın bərpa olunan enerjiyə göstərdiyi diqqət, bu sahədə çalışan şirkətlər, Bundestaqın bu mövzu ilə məşğul olan parlamentariləri haqqında danışıb. Barbel Bas Azərbaycanın da bərpa olunan enerji sahəsində müvafiq qurumları ilə əlaqələrin yaradılması barədə fikirlərini bölüşüb.
Milli Məclisin sədri deyib ki, Azərbaycan və Almaniya dost və tərəfdaş ölkələrdir. Azərbaycan bu ölkə ilə əlaqələrin və qarşılıqlı faydalı əməkdaşlığın inkişafında maraqlıdır. O, ikitərəfli münasibətlərin inkişafında yüksək səviyyəli siyasi dialoqun və qarşılıqlı səfərlərin, görüşlərin müstəsna rolunu vurğulayaraq, bu mənada xüsusilə diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin 2023-cü ilin martında Almaniyaya işgüzar səfəri, Prezident Frank-Valter Ştaynmayer və kansler Olaf Şoltsla görüşləri əməkdaşlıq əlaqələrinin müzakirəsi baxımından böyük əhəmiyyət kəsb edib.
Görüşdə spiker Sahibə Qafarova Azərbaycanda əlverişli investisiya mühiti, işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı yenidənqurma işləri, Azərbaycanın müasir nəqliyyat infrastrukturu və tranzit ölkə kimi mühüm rolu, bərpaolunan enerji üzrə icra olunan layihələr haqqında məlumat verib. Qeyd olunub ki, Almaniya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir.