“Ermənistan Qarabağ ermənilərinə alimlik vermədi” – Qarabağ Universitetinin müəllimi danışır
    • 1-12-2023, 19:14
    • 446

“Ermənistan Qarabağ ermənilərinə alimlik vermədi” – Qarabağ Universitetinin müəllimi danışır

Xankəndidə işğaldan öncə Azərbaycan Pedaqoji İnstitutunun filialı fəaliyyət göstərib. Prezident İlham Əliyevin Sərəncamı ilə Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsi əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində “Qarabağ Universiteti” yaradılıb.

News24.az bildirir ki, Lent.az-ın müsahibi bir zamanlar Xankəndidə fəaliyyət göstərmiş həmin ali təhsil məktəbində müəllim işləmiş  AMEA, “Funksional analiz” şöbəsinin müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor Həmidulla Aslanovdur.

- Həmdulla müəllim, Xankəndidə fəaliyyət göstərən o ali məktəbdəki günləri necə xatırlayırsınız? 

- 1978-ci ildə Xankəndi Pedaqoji İnstitutuna müəllim təyin olundum. 8 il müddətində riyaziyyat kafedrasının müdiri vəzifəsində çalışmışam. Məlum hadisələrdən sonra bizim institut əvvəl Şuşada, sonra Ağcabədi şəhərində fəaliyyət göstərdi.

- Bu ali məktəb hansı tələbatdan yaranmışdı?

- Bu Ümummilli liderimiz Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsində yaradılmış bir ali məktəb idi. 1969-cu ildə Azərbaycan Pedaqoji İnstitutunun filialı kimi qurulmuş, 1973-cü ildən 1988-ci ilədək müstəqil ali təhsil müəssisəsi kimi fəaliyyət göstərmişdi. Heydər Əliyev yaxşı başa düşürdü ki, Qarabağda Azərbaycana məxsus bir təhsil ocağı yaradılmalıdır.

 O ali məktəbdə 4 fakültə yaradılmışdı. Ədəbiyyat, tarix, ibtidai sinif və riyaziyyat müəllimliyi. Müvafiq olaraq Azərbaycan, erməni və rus  bölmələri var idi. Rus dili bölməsində həm azərbaycanlı, həm erməni müəllimlər dərs deyirdilər. O bölmədə əsasən ermənilər təhsil alırdılar. O illərdə bu ali məktəbdə təxminən 1000 azərbaycanlı, bundan bir qədər çox erməni tələbə təhsil alırdı. Yadımdadır, söhbət zamanı erməni müəllimlər orada Azərbaycan dilində dərslərin keçirilməsinə qısqanc yanaşma sərgiləyirdilər. Deyirdilər sizin Bakıda, Gəncədə, Naxçıvanda çoxlu ali məktəbləriniz var, burada ancaq erməni dilində tədris getməlidir. Deyirdilər siz burda Azərbaycan şöbəsi niyə açmısınız? Bu ali məktəbin Azərbaycan üçün böyük əhəmiyyəti var idi. O  vaxt Xankəndidə ermənilər daha sıx məskunlaşmışdılar. Ali məktəbin açılması ilə 50-yə qədər müəllim ailəsi bu şəhərə köçdü. 

- Ermənilər o zaman ayrı-seçkilik nümayiş etdirirdilər?

- Bu millətin namərdlik satqınlıq boynuna yazılıb. Biz oradakı erməni müəllimlərə xüsusi diqqət göstərirdik. Erməni müəllimlər Azərbaycanda elmi dərəcələr almışdılar. Amma onların heç biri Ermənistana gedib orda elmi işlərini müdafiə edə bilməmişdilər. 1 nəfər də Ermənistandan dissertant ola bilmədi. Amma Xankəndidən Bakıdakı ali məktəblərimizə, Akademiyanın müxtəlif institutlarına ən az 10 nəfər göndərdik, hamısı alimlik dərəcəsi aldı.

Hətta özləri də etiraf edirdilər ki, Ermənistanda Azərbaycandan gəlmiş erməniləri qəbul etmək istəmirlər. Bizim onlara verdiyimiz böyük dəyəri isə qiymətləndirmədilər.

- Qarabağ Universitetinin yaranması xəbərini necə qarşıladınız?

- Çox sevindim. Bu universitet Qarabağ regionunda ali təhsil ənənəsini davam etdirəcək.

İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri, eləcə də əmək bazarının tələbləri regionda yüksəkixtisaslı kadrların hazırlığını həyata keçirən ali təhsil müəssisəsinin təşkili zərurətini yaratmışdı. Mən dövlət başçımız İlham Əliyevə minnətdarlığımı bildirirəm. Xankəndidə yaradılan universitet Qarabağda mövcud olmuş güclü təhsil ənənələrinin, regionun intellektual potensialının yenidən yüksəldilməsinə, insan kapitalının inkişaf etdirilməsinə təkan verəcək.

- Qarabağ Universitetində dərs demək istəyərsiniz?

- Əgər belə zərurət yaranarsa, tələb olunarsa məmnuniyyətlə gedərəm və fəaliyyət göstərərəm.