Bu gün vəfat edən Yaşar Əliyevin BİOQRAFİYASI
    • 8-12-2023, 19:13
    • 302

Bu gün vəfat edən Yaşar Əliyevin BİOQRAFİYASI

Xəbər verdiyimiz kimi, Azərbaycanın Çindəki keçmiş səfiri Yaşar Əliyev bu gün vəfat edib.

News24.az mərhum Yaşar Əliyevin bioqrafiyasını təqdim edir:

Yaşar Tofiqi oğlu Əliyev 1948-ci il iyulun 5-də Bakı şəhərində anadan olub. O, 1956–1966-cı illərdə Nəsimi rayonu 1 №-li tam orta məktəbdə təhsil alıb. 1966–1971-ci illərdə isə N. Nərimanov Azərbaycan Dövlət Tibb İnstitutunda müalicə işi üzrə ali təhsil alıb. Rus və ingilis dillərini bilir. Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü olub.

Yaşar Əliyev 1972–1982-ci illərdə Səhiyyə Nazirliyinin Baş İdarəsinin Kardiologiya şöbəsinin 4 saylı bölməsində çalışıb.

1975–1979-cu illərdə Əzizbəyov Rayon Komsomol Komitəsində II Katib vəzifəsində çalışan Yaşar Əliyev, 1982-ci ildən N. Semaşko adına 12 saylı Şəhər Xəstəxanada cərrahiyyə şöbəsinin həkimi, 1983-cü ildən baş həkimin müavini, 1984-cü ildən isə baş həkimi vəzifəsində çalışıb.

Azərbaycan SSR Ali Sovetinin deputatı olan Y.Əliyev 1995-ci il noyabrın 12-də baş tutan parlament seçkilərində 91 nömrəli Xanlar-Daşkəsən dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) namizədi olaraq I çağırış Milli Məclisin deputatı , o cümlədən Milli Məclisin sədr müavini seçilib.

Daha sonra 2000-ci il noyabrın 5-də baş tutan Parlament seçkilərində isə 91 nömrəli Xanlar-Daşkəsən dairəsinin seçiçiləri Yeni Azərbaycan Partiyasının (YAP) namizədi olan Yaşar Əliyev növbəti dəfə Milli Məclisin deputatı seçilməsinə səs veriblər. 

2002-ci il iyulun 26-da Yaşar Əliyevə Azərbaycanın Fövqəladə və Səlahiyyətli Səfiri dərəcəsinin verilməsi haqqında Azərbaycan Prezidenti Heydər Əliyevin 737 nömrəli Fərmanı imzalanıb və  həmin gün imzalanan 738 nömrəli Sərəncama əsasən isə Yaşar Əliyev Azərbaycanın Çində Fövqəladə və Səlahiyyətli Səfiri vəzifəsinə təyin edilib.

Azərbaycan Prezidenti İlham Əliyevin 30 sentyabr 2004-cü il 407 nömrəli Sərəncamına əsasən Yaşar Əliyev, iqamətgahı Çində olmaqla, eyni zamanda Azərbaycanın Vyetnam, Şimali Koreya, Cənubi Koreya və Monqolustanda Fövqəladə və Səlahiyyətli Səfiri vəzifəsinə təyin edilib.

Y. Əliyevin xanımı Rəna Əliyeva da həkimdir.

 1948-ci ildən anadan R.Əliyeva  Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. İxtisasca uşaq stomatoloqdur. 1998-ci ildən Azərbaycan Tibb Universitetində Uşaq stomatologiya Kafedrasının müdiridir. 

1973-cü ilə təvəllüdlü oğlu Rüfət Əliyev də valideynlərinin yolunu davam etdirərək  Azərbaycan Tibb Universitetini bitirib. Tibb xidməti üzrə DTX zabitidir. 2015-ci ildən "Vətən uğrunda" medalı ilə təltif edilib.

Qızı — Səbinə Əliyeva 1980-ci ildən anadan olub. Bakı Dövlət Universitetini bitirib. İxtisasca hüquqşünasdır. 2019-cu ildən Azərbaycanın İnsan Haqları üzrə Ombudsmanıdır.