İmtahansonrası sual kitabçalarını aparan abituriyent və nəzarətçilər CƏZALANDIRILACAQ
    • 9-04-2019, 15:35
    • 1 060

İmtahansonrası sual kitabçalarını aparan abituriyent və nəzarətçilər CƏZALANDIRILACAQ

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl - aprelin 7-də Dövlət İmtahan Mərkəzi (DİM) 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı təşkil edilib. İmtahandan sonra şagirdlərin sualları internetdə yerləşdirməsi xəbəri yayılıb. 

Məlumatı inkar etməyən DİM-in mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə News24.az-a bildirib ki, imtahanda qayda pozan abituriyentlərin nəticələri DİM tərəfindən araşdırılır:
“Bu tip faktlar tərəfimizdən qeydə alınır. Bugünədək öz yerinə başqasını göndərmək istəyən də, başqasından köçürməyə cəhd edənlər də, yaxud digər imtahan qaydalarını pozanlar da olub. Eyni zamanda, imtahandan sonra sual kitabçasını kənara çıxaranlar da bu qəbildəndir. Bunlarla bağlı hazırda araşdırma aparılır. Nəticələr barədə lazım gəldikdə Prokurorluq orqanlarına müraciət edirik. Ötən il öz yerinə başqasını göndərən abituriyentlə bağlı məsələ hələ ki, prokurorluq orqanları tərəfindən araşdırılır. Yəni, abituriyentlərə tövsiyə edirik ki, qəti olaraq imtahan qaydasını pozmasınlar. Əks təqdirdə, həmin şəxslərin imtahan nəticəsi ləğv olunacaq, imtahanın ikinci mərhələsinə buraxılmayacaqlar”.

DİM təmsilçisi sual kitabçalarının abituriyentlər tərəfindən imtahandan qanunsuz şəkildə çıxarılmasını əvvəlcədən öyrədilmiş şəxslər tərəfindən edildiyini guman edir:
“Əslində bu şagirdlərin məqsədi hec də imtahan vermək olmur. Bəzi kurslarda repetitorluqla məşğul olan insanlar öz şagirdlərini öyrədir və ya təhrik edirlər ki, bu formada qaydaları pozsunlar”.

X.Xanlarzadə qayda pozuntusuna yol verən nəzarətçilər də öz cəzalarını alacaqlar.  

Afaq MİRAYİQ