Bakıda evlər BAHALAŞIB
    • 16-12-2023, 12:24
    • 195

Bakıda evlər BAHALAŞIB

Hər il olduğu kimi bu il də Bakının daşınmaz əmlak bazarı xüsusi dinamikliyi, qiymət artımları ilə yadda qalıb, iqtisadçıların, bazar iştirakçılarının diqqət mərkəzində olub.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc açıqlamasında il ərzində paytaxtda daşınmaz əmlakın alqı-satqı və kirayəsi üzrə cərəyan edən prosesləri şərh edib.

Mənzillər 20 % bahalaşıb

Onun sözlərinə görə, ilin son 6 ayı üzrə aparılan araşdırmalar zamanı məlum olur ki, paytaxtda mənzil bazarına təklif qiymətləri ilə real satış qiymətləri arasında fərq 3-5 % təşkil edir, “mayak” halında təklif olunan mənzillərin 1 kvadrat metri ötən ilə nisbətdə 4-11 % artıma məruz qalıb. “Hazırda mənzil bazarı üzrə orta qiymət təklifi 1 807 manat təşkil edir. Köhnə binalara tələbat azaldığı üçün qiymət artımı dinamikası 6,7-8,5 % aralığında müşahidə edilir”, -V. Oruc bildirib.

AQC rəhbəri qeyd edib ki, bu il mənzil bazarında təklif olunan mənzillərin sayı 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 17 % çoxdur: “Baş tutmuş əqdlərin sayı ötən ilə nisbətən 12,7 % artıq olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə hər iki halda təxminən ortalama 15 % artım müşahidə olunur. Yeni binalarda əsas tələbat 1 otaqlı olub 2 otaqlıya düzəldilən 55-65 kvadrat metr sahəsi olan mənzillərə olub. Köhnə binalarda bu tələb 2-3 otaqlı mənzillərədir. Paytaxt üzrə aktivlik əsasən ötən illərdə olduğu kimi Nərimanov, Xətai, Yasamal rayonlarının payına düşüb. İlin ikinci yarısında daşınmaz əmlak bazarının mənzil seqmentində qiymətlərin artması dinamikası səngisə də (aylar üzrə 0,8-1,9 %), il üzrə müqayisədə ortalama artım tempi 20 % təşkil edib.

Yeni tikilən binalarda təkliflər ötən illə müqayisədə 16-17,5 % artıb. Təkrar mənzil bazarında da artım daha çox sosial layihələr - ipoteka və kirayə mənzil satışları dövründə özünü göstərir".

Bağ evləri kəskin bahalaşıb

O bildirib ki, ölkədə kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin növündən və məhsuldarlığından asılı olaraq təklif qiymətləri artır:

“Bu torpaqların qiyməti 2023-cü ildə əvvəlki ilə nisbətən yerləşdiyi ərazidən asılı olaraq 19-26 % yüksəlib. Yaşayış təyinatlı torpaq sahələrinin təklif qiymətləri yerləşdiyi əraziyə görə ciddi şəkildə artıb. Mərkəz ərazilərə nisbətən bağ sahələrinin qiymətində xüsusi artım daha qabarıq şəkildə görünür. Məsələn, 2022-ci ildə Bilgəh qəsəbəsində 13 000 manata təklif edilən torpaq sahəsi 2023-cü ildə 22 000 manata təklif edilib ki, bu da 70 % qiymət artımı deməkdir”. V. Oruc vurğulayıb ki, ümumilikdə torpaq sahələrinin qiymət artımı 24-70 % arasında dəyişir: “Obyekt torpaqlarının qiymət artımı isə yaşayış təyinatlı torpaq sahələrinin qiymət artımı şkalasının son həddinə yaxındır və artım 16-25 % aralığındadır”.

Onun sözlərinə görə, Bakıda villalar yüksək qiymətə bazara təklif edilsə də, ekspozisiya müddəti baxımından bu tip tikililər o qədər də likvid deyil:

“Ölkədə villa sahibi olmaq istəyən daha çox torpaq sahəsi əldə edərək, zövqünə uyğun inşaat işləri sifariş etməklə buna nail olur. Yeganə daşınmaz əmlak tipidir ki, bu sahədə real bazar qiymətləri dinamik şəkildə artmır”. V. Oruc hesab edir ki, fərdi yaşayış evləri, eyni zamanda həyət evləri seqmentində qiymət yüksəlişi davam edir. On fərqli olaraq ciddi artıma məruz qalmayıb”. Daşınmaz əmlakın kirayə qiymətləri dəyişib

Müsahib il ərzində paytaxda daşınmaz əmlakın icarəsi bazarında da baş verən proseslərdən danışıb:

“Bu il paytaxtda mənzillərin kirayə qiyməti yeni tikili binalarda 20,5 %, köhnə binalarda 18,5 % artıb. Günlük kirayə qiymətləri ölkəmizdəki iqtisadi inkişaf, turizm və investisiya cazibədarlığı səbəbindən ciddi şəkildə yüksəlir. Beynəlxalq yarışlar dövründə bu qiymətlər 30 %-ə qədər artıma məruz qalır. Digər dövrlərdə isə ötən ildə olan göstəricilərə nisbətən 15-20 % aralığında yüksəlir. Rayonlardakı istirahət mərkəzlərində 8-12 %, günlük evlərdə isə 16-18 % aralığında qiymət artımı müşahidə olunur.

Qeyri-yaşayış sahələri üzrə ofislərin icarə qiyməti 8,2 %, anbarların 8,7 %, “A” sinif anbarların 13 %, soyuducu anbarların 9,9 %, sexlərin qiyməti 7 % yüksəlib.

Kənd təsərrüfatı təyinatlı torpaqların icarə qiymətləri bir çox hallarda yerli bələdiyyə və müvafiq icra orqanları tərəfindən müəyyən edilsə də bazar qiymətləri fərqlidir. Ölkə üzrə baş verən qiymət artımı bu sahədə də özünü göstərir. Münbitliyindən asılı olaraq kənd təsərrüfatı təyinatlı torpaqların icarəsində qiymətlər fərqli şəkildə 7-22 % aralığında dəyişir.

Mövsümi bağ evlərinin kirayə qiymətləri ilk dəfə daha çox pandemiya dövründə artmağa başladı. Son dövrlərdə qardaş Türkiyədə baş verən faciəvi nəticələrlə müşaiyyət olunan zəlzələlər və ölkəmizdə davamlı kiçik yeraltı təkanlar fərdi yaşayış evlərinin satış qiymətinə təsir göstərdiyi kimi bağ evlərinin də qiymət artımına səbəb oldu. 2-4 aylıq kirayə qiymətləri ötən ilə nisbətən 2023-cü ildə daha çox artıma məruz qaldı. Bu fərq təqribən ortalama dənizə yaxın ərazilərdə 35-40 %-ə kimi yüksəldi. Yay tətilini quru sərhədlərin bağlanması səbəbindən ölkə daxilində keçirməklə kifayətlənən əhali hissəsinin artması da qiymətlərə öz təsirini göstərdi”.