“Prokurorluq haqqında” qanuna dəyişikliklər edilir
    • 19-12-2023, 14:03
    • 267

“Prokurorluq haqqında” qanuna dəyişikliklər edilir

Prokurorluq işçiləri ilə yanaşı, prokurorluq orqanlarının digər əməkdaşlarının da sosial müdafiəsi gücləndirilir.

News24.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Prokurorluq haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan “Prokurorluq haqqında” qanunun 39-cu maddəsi prokurorluq işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və prokurorluq orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi məsələlərini tənzimləyir. Həmin qanunun 1-ci maddəsinə əsasən, prokurorluq işçiləri dedikdə prokurorlar, prokurorluğun müstəntiqləri, prokurorluğun əməliyyatçıları, prokurorluğun stajorları nəzərdə tutulur. Təklif edilən layihəyə əsasən, Azərbaycan Respublikası Prokurorluğunun xəzinə hesabına köçürülən və “Prokurorluq haqqında” qanunun 39-cu maddəsində nəzərdə tutulan vəsaitlərin prokurorluq orqanlarının digər əməkdaşlarının, o cümlədən prokurorluq orqanlarının dövlət qulluqçularının, hərbi prokurorluq orqanlarında qulluq edən prokurorluq işçisi olmayan hərbi qulluqçuların və prokurorluq orqanlarında xüsusi rütbələr nəzərdə tutulmayan vəzifələrdə işləyən mülki işçilərin sosial müdafiəsinə yönəldilməsi mümkün olacaq.

Qeyd edək ki, Prokurorluq haqqında qanunun 39-cu maddəsinə əsasən, prokurorluq işçilərinin sosial müdafiəsini gücləndirmək və prokurorluq orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə aşağıdakı vəsaitlər Azərbaycan Respublikası Prokurorluğunun xəzinə hesabına köçürülür:

- prokurorluq orqanları tərəfindən istintaq olunan cinayət işləri və cinayət təqibi ilə bağlı digər materiallar üzrə cinayət nəticəsində dövlətə vurulmuş ziyanın ödənilməsi üçün ibtidai araşdırma dövründə dövlət büdcəsinə köçürülmüş vəsaitin 5 faizi;

- prokurorluq orqanları tərəfindən istintaq olunan cinayət işləri üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə müəyyən edilmiş qaydada şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün dövlət büdcəsinə edilmiş ödənişdən daxil olan vəsaitin 5 faizi;

- Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada prokuror tərəfindən baxılması üçün məhkəməyə göndərilmiş inzibati xətalara dair işlər üzrə tətbiq edilən cərimələrdən daxil olan vəsaitin 23 faizi.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.