-
- 19-12-2023, 18:07
- 902
Metro istifadəçilərinə ŞAD XƏBƏR
Azərbaycanın ictimai nəqliyyatda bütün növ ödəniş vasitələrindən istifadəyə imkan yaratmaq məqsədilə mövcud nağdsız ödəniş sistemi üzərində təkmilləşdirmə işləri aparılır.
Bunu ötən gün "Azərbaycanda mobilliyin transformasiyası proqramı"nın təqdimatında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib. Onun sözlərinə görə, sistem yeniləndikdən sonra təmassız texnologiyanı dəstəkləyən, bütün bank kartları və mobil cihazlar vasitəsilə ödəniş etmək mümkün olacaq.
Məlumata görə, gələn aydan bir neçə marşrutda ödənişin bank kartı ilə edilməsi sınaqdan keçiriləcək. Sınaqlardan sonra gələn ilin ilk rübünün sonunda yeni ödəniş sisteminin ilkin tətbiqinə başlanılması nəzərdə tutulur. Görünür ki, gələn aydan avtobuslarda bank kartları ilə ödənişin həyata keçirilməsi üçün sınaqlara başlanılacaq.
Bəs metroda bank kartları ilə ödənişə nə zaman başlanılacaq?
News24.az xəbər verir ki, məsələ ilə bağlı "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Referans.az-a açıqlamasında bildirib ki, gələn ilin ilk rüblərindən metroda bank kartları ilə ödənişin tətbiq olunması üçün sınaq mərəhələlərinə başlanılacaq:
"Bu barədə daim demişik. Hətta sentyabr ayında QR biletlə ödəmə sistemi təqdim olunanda da növbəti ödəniş üsulunun texniki sınaq mərhələsindən sonra bank kartları ilə ödəniş olacağını bildirmişik. Prinsip elədir ki, bunun mərhələli şəkildə yerüstü və yeraltı nəqliyyatda tətbiq olunması nəzərdə tutulub. Amma sınaq mərhələsindən sonra tətbiq olunacaq və ya olunmayacaq bunu zaman göstərəcək. Çünki bir sistem tətbiq olunursa, o tam təkmilləşmiş bir sistem olmalıdır ki, metropoliten kimi eyni anda bir çox sərnişinin istifadə etdiyi nəqliyyat vasitəsində hər hansısa bir texniki səbəbdən problemlər yaşanmasın.
Metropoliten rəsmisi bildirib ki, hazırda QR biletlə ödəniş sisteminin üzərində işlər gedir və metro stansiyalarındakı turnikedlər yeni ödəniş üsuluna yararlı olması üçün dəyişdirilir. Onun sözlərinə görə, bu ilin sonuna qədər metronun əksər stansiyalarında bu ödəniş üsulunun tətbiqi üçün ciddi işlər görülür: "Hər bir ödəniş sisteminin tətbiqindən əvvəl mütləq texniki araşdırma işləri aparılmalıdır. Yəni özünüz də müşahidə etdiniz ki, QR biletlə ödəniş sistemində biz çox da tələsmədik. Halbuki 2018-ci ildən bu ödəniş sisteminin tətbiq edilməsi üçün çalışırıq. İstənilən ödəniş üsulu çox diqqətli şəkildə yoxlanılıb daha sonra tətbiqinə başlanılmalıdır. Təsəvvür edin ki, "28 may" stansiyasında birdən-birə həmin ödəniş sistemində problem yaranır və 15 sərnişinin eyni anda ödəniş edə bilmir. Görün bunun hay-küyü hara gedib çıxar".
Yeni ödəniş üsullarının tətbiqi nəticəsində "Bakıkart"ın ləğv olunub-olunmayacağı ilə bağlı suala isə Bəxtiyar Məmmədov belə cavab verib:
"Xeyr, "Bakıkart"ın ləğv olunmasından söhbət belə gedə bilməz. Əksinə, sərnişinlər üçün nə qədər çox ödəniş üsulu olarsa, bu, bir o qədər müsbət haldır. Çünki sərnişinin seçmə imkanı olmalıdır. Ümumiyyətlə, hər hansısa bir sistemin ləğv olunması konkret olaraq ona tələbatın olmamasından yarana bilər. Yəni təsəvvür edin ki, bütün metropolitendə bank kartı ilə ödəniş sistemindən heç kim istifadə etməməlidir ki, o sistem ləğv olsun".