İsmayıl Şıxlının 100 illiyi münasibətilə rəsm müsabiqəsi elan olunub
    • 10-04-2019, 14:10
    • 1 335

İsmayıl Şıxlının 100 illiyi münasibətilə rəsm müsabiqəsi elan olunub

Mədəniyyət Nazirliyinin, Qazax Rayon İcra Hakimiyyətinin, Ağstafa və Şəmkir regional mədəniyyət idarələrinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə görkəmli Azərbaycan yazıçısı İsmayıl Şıxlının 100 illiyinə həsr olunmuş Ağstafa, Şəmkir, Qazax, Tovuz, Gədəbəy rayonlarının sakinləri olan uşaqlar, yeniyetmələr və gənclər arasında “Mən bu yurdun övladıyam” adlı rəsm müsabiqəsi elan edilib.

Mədəniyyət Nazirliyinin Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, müsabiqə Prezident İlham Əliyevin “İsmayıl Şıxlının 100 illiyinin qeyd edilməsi haqqında” müvafiq Sərəncamına uyğun olaraq, görkəmli yazıçının bədii irsinin təbliği, Ağstafa, Şəmkir, Qazax, Tovuz, Gədəbəy rayonlarının sakinləri arasında incəsənətə marağın artırılması, bölgənin mədəni həyatının zənginləşdirilməsi, əhalinin asudə vaxtının səmərəli təşkili, həmçinin vətənpərvərlik və doğma yurda məhəbbət hissinin aşılanması, milli adət-ənənələrin təbliği, uşaq və yeniyetmələrin estetik və bədii dünyagörüşünün formalaşdırılması, habelə istedadlı uşaq və gənclərin üzə çıxarılması məqsədi ilə keçirilir.

Müsabiqəyə 29 yaşa qədər uşaq, yeniyetmə və gənclər qatıla bilər. Müsabiqədə iştirak etmək istəyənlər ad, soyad, doğum tarixi və əlaqə nömrəsi, oxuduğu məktəbin adını qeyd etməklə 1 və ya 2 əsərini mayın 30-dək Qazax Dövlət Rəsm Qalereyasına (ünvan: Qazax şəhəri, Heydər Əliyev prospekti 75, əlaqə telefonu 029 51 015 ) təqdim etməlidir.

Münsiflər heyəti tərəfindən öz duyğu və düşüncələri ilə işlənmiş, orijinal ideyası, ustalığı ilə seçilən müəlliflərin əsərlərinə üstünlük veriləcək.