-
- 25-12-2023, 12:42
- 400
“Ailədə neçə uşağın olması şəxsi məsələ deyil” - Maraqlı açıqlama
Azərbaycan ailələri ta qədimdən uşaqsevər olub. Əvvəllər bir ailədə ən azı 5-7 uşaq böyüyərdi. Rayon yerlərində isə bu say hətta 10-12-yə də çatırdı. Ailələrin sosial durumundan asılı olmayaraq, daha çox uşaq dünyaya gətirilməsi möhkəm təməllərə dəlalət edirdi.
Əslində bu amil demoqrafiya məsələlərində də çox önəmli faktordur. Amma təəssüf ki, günümüzün reallığında Azərbaycan ailələrində çoxuşaqlılıq məsələsi aktuallığını tamamən itirib.
Bəs görəsən, Azərbaycanda çoxuşaqlı ailə modelinin sıradan çıxmasına səbəb nədir? Ailədə xüsusilə tək övladın olmasının hansı mənfi və müsbət xüsusiyyətləri var?
Məsələ ilə bağlı tanınmış sosioloq Əhməd Qəşəmoğlu Yenisabah.az-a danışıb. O, ailədə uşaqların dünyaya gəlməsinin vacibliyindən danışıb.
Onun sözlərinə görə, hər ailədə 3 uşağın olması idealdır:
“Qızları ana olmağa təşviq etmək vacibdir. Əslində hər bir qadının fizioloji olaraq buna ehtiyacı var. Ailədə nə qədər uşaq olmalıdır sualına isə 20 ildən artıqdır ki, eyni cavabı verirəm: Hər ailədə 3 uşaq olmalıdır.
Ailədə bir uşaq olanda ölkədə əhali azalır və uşağın psixologiyası normal formalaşmır, o, sosiallaşmır. İki uşaq olanda onlar münaqişələrlə böyüyürlər və ölkədə əhali sayı yenə azalır. Üç uşaq olanda evdə uşaq cəmiyyəti olur və ölkənin də əhali artımı normal səviyyədə davam edir”.
Ekspert bildirib ki, dövlət gənc ailələri üçuşaqlı ailə modelinə təşviq etməlidir:
“Biz hər cür çalışmalı, ailələri üç uşaqlı olmağa təşviq etməliyik, Azərbaycanda üçuşaqlı ailə modelini formalaşdırmalıyıq. Bu ailələrin şəxsi işi deyil, həm də dövlət bunun qayğısına qalmalıdır. Çünki uşaq təkcə ata-ananın deyil, həm də ölkənindir. Sabah oğlanlar orduya gedəcək, qızlar cəmiyyətdə başqa peşələrə yiyələnəcəklər. Onlar sabah böyüyüb təkcə ata-anaya deyil, həm də ölkəyə xidmət edəcək. Sosial müdafiə sistemləri buna uyğun formalaşmalıdır, hər kəs bu məsələni qulaqardına vurmamalıdır. Bu sahədə ürəkağrıdıcı səviyyədə xeyli problemlər var. Mən ömrünü bu sahəyə həsr etmiş ağsaqqal bir sosioloq kimi bu açıq deyirəm. Ya bu problemləri başa düşmürlər, yaxud başa düşüb həll etmirlər. Əgər başa düşdükləri halda bunu həll etmirlərsə, bu kəskin tənqidə layiqdir”.