"Hər ailədə 3 uşağın olmasına şərait yaratmaq lazımdır" - ƏHMƏD QƏŞƏMOĞLU
    • 29-03-2021, 18:07
    • 327

"Hər ailədə 3 uşağın olmasına şərait yaratmaq lazımdır" - ƏHMƏD QƏŞƏMOĞLU

Azərbaycanda əhalinin təbii artımı azalır. Ölkəmizdə son 30 ildə hər 1000 nəfərə düşən doğum göstəricisi 2 dəfə azalıb, ölüm sayı 24,6 faiz artıb, təbii artım təxminən 4 dəfə azalıb.

Bu haqda statistik araşdırmanı Bakı Araşdırmalar İnstitutu (BAİ) aparıb. Sosioloq Əhməd Qəşəmoğlu məsələni News24.az-a şərh edib.  

Ekspert bildirib ki, insanların təhsili artdıqca, həyat şəraiti dəyişdikcə,  dünyaya uşaq gətirmək haqda fikirləri dəyişir: “Hazırda Yer üzündə əhalinin artım səviyyəsinin azalmasına çalışılır. 50 ildən çoxdur ki, bu sahədə beynəlxalq təşkilatlar, müəyyən mərkəzlər iş aparırlar. Dünya üzrə əhalinin sayı sürətlə artdığı üçün planetimizin resursları bunun üçün yetərli deyildi. 1960-cı illərdə hər ay qəzetlərdə müxtəlif rayonlar üzrə tez-tez qəhrəman anaların siyahısı dərc edilirdi. Anzat getdikcə təhsilin inkişafı doğum saylarının azalmasına gətirib çıxardı. Təhsil alan qadınlar çox uşaq dünyaya gətirməkdən imtina etdilər. Bundan əlavə, ölkələr çalışırlar elə bir şərait yaransın ki, insanların artıma həvəsi olmasın. Bəzi şəxslər elə bilir ki, bu məsələ sırf kasıblıqla bağlıdır. Bu, birtərəfli cavabdır. 1950-1960-cı illərdə yoxsul adamlar kifayət qədər çox idi. Amma onların ailələrində çox uşaq var idi. Burada həm cəmiyyətdə gedən proseslərin, həm də müxtəlif mərkəzlərin apardığı işlərin böyük təsiri var. Nəticə etibarilə uşaqlar azalır. Uşaqların sayının azalmasına əhəmiyyət verməməliyik. Müəyyən həddə qədər bu proses yaxşıdır.


Günümüzdə bir ailədə 10 uşaq dünyaya göz açırsa, yoxsulluq və savadsızlıq içərisində yaşama ehtimalı böyükdür. Yaxud bu uşaqlardan bəzilərinin kriminal aləmə qoşulma ehtimalı  var”.  Əhməd Qəşəmoğlunun fikrincə, Azərbaycanda hər ailədə 3 uşağın olmasına şərait yaratmaq lazımdır: “Dövlət bu məsələdə kömək etməyə borcludur. Ailədə doğulan uşaq təkcə ana və ataya məxsus deyil, həm də bu ölkənin vətəndaşıdır. Sabah həmin uşaq əsgərliyə və ya istehsalata çağırılır. Sosial məsələlər, qanunvericilik, səhiyyə, təhsil və digər önəmli nüanslar elə formalaşmalıdır ki, ailələrin maddi təminatı 3 uşağı böyütməyə kifayət etsin. Ailələrdə bir və ya iki uşaq olanda əhali artımı kəskin azalacaq. Əhali azalanda, ölkəyə miqrantlar gəlir. Miqrantlar gəldikdən sonra xeyli problem ortaya çıxır. Erməniləri də vaxtilə gətirmişdik. Sonradan başımıza oyun açdılar. Sabah məqsədli şəkildə qruplar göndərə bilərlər ki, bizə problemlər yaratsınlar”.

Məhərrəm Əliyev