-
- 6-01-2024, 14:32
- 752
“Evimin həyətinə niyə boylanırsan?” — DAVA
Ağcabədi rayonunda 1996-cı il təvəllüdlü Tağı qonşusu Mehdiyə (adlar şərti verilib – red.) xəsarət yetirib.
News24.az Demokrat.az-a istinadla bildirir ki, hadisə ötən ilin iyunun 15-dı, saat 11.30-da Ağcabədi rayonunun Pərioğullar kəndində baş verib. Tağı qonşusu Mehdinin yaşadığı evin qarşısına gələrək hasarın üstündən həyətinə baxmasını və onu izlədiyini əsas gətirərək yumruq zərbələri ilə baş və sifət nahiyyələrinə qəsdən vuraraq, ona xəsarətlər yetirib.
Hadisəni törədən Tağının barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Tağı ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş Mehdi həmkəndlisi və qonşusudur: “İyunun 15-də yaşadığım evin həyətində olan zaman Mehdinin hasardan boylanıb, həyətimə baxdığını, sonra isə onun həyətindən küçəyə çıxmasını gördüm. Mən onu çağırdım. Ondan nə üçün həyətimə baxmasını, məni izlədiyini soruşdum. Mehdi həyətimə baxmadığını dedi, nalayiq ifadə işlətdiyi üçün yumruqla ona iki zərbə vurdum. Lakin zərbənin biri Mehdinin sifət nahiyyəsinə dəydi”.
İş üzrə zərərçəkmiş Mehdinin sözlərinə görə, təqsirləndirilən Tağı ilə aralarında ədavət və düşmənçilik yoxdur: “İyunun 15-də yaşadığım evin yaxınlığında küçədə dayanan zaman Tağı mənə yaxınlaşdı. Onun həyətinə baxmağımı, onu izlədiyimi deyərək sifət nahiyyəmə bir neçə yumruq zərbəsi vuraraq mənə xəsarət yetirdi. Lakin mən Tağıya əl qaldırmadım. Daha sonra Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng etdim, qonşum Tağının məni döyməsi barədə məlumat verdim”.
Bu cinayət işinə Ağcabədi Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Tağının barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.