Buzlu yollarla hərəkət edən sürücülərin DİQQƏTİNƏ!
    • 10-01-2024, 19:30
    • 241

Buzlu yollarla hərəkət edən sürücülərin DİQQƏTİNƏ!

Milli Hidrometeorologiya Xidməti yolların buz bağlayacağı barədə xəbərdarlıq edib. Xidmətin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib ki, yağıntılı və şaxtalı hava şəraiti ilə əlaqədar yanvarın 11-i gecə və səhər saatlarında bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var. Məlumata görə, müşahidə olunan yağıntılı hava şəraiti yanvarın 12-dək fasilələrlə davam edəcək.

Buzlu yollarla hərəkət edən sürücülər özlərinin və digərlərinin təhlükəsizliyi üçün hansı qabaqlayıcı tədbirləri görməlidirlər? 

Nəqliyyat eksperti Elməddin Muradlı Demokrat.az-a açıqlamasında diqqət edilməli məqamlardan danışıb:

“Avtomobilin texniki parametrləri qaydasında olmalıdır. Təkərlərə, istilik sisteminə baxmaq, yanacağı nəzarətdə saxlamaq lazımdır, şüşəsilənlər işlək vəziyyətdə olmalıdır. Şüşəsilənin suyunun donmaması üçün müəyyən maddələr əlavə edilməlidir. 

Əlverişsiz hava şəraitində yola çıxmazdan əvvəl sürücülər bu məqamları nəzərə almalıdırlar. Amma qəfil pis hava şəraitinə yaxalananlar da olur, Bakıdan bölgələrə doğru hərəkət edən sürücülər bəzən havadan xəbərsiz ola bilərlər. Bu zaman yolda xidmət edən polis əməkdaşları sürücülərin köməyinə çatır. 

Fövqəladə Hallar Nazirliyinin Xilasetmə Xidməti iş başındadır, gücləndirilmiş rejimdə işləyir. Hər bir halda sürücü özü məsuliyyətli və diqqətli olsa, yolda rahat hərəkət də mümkünsüz olacaq. 

Eyni zamanda yollar qardan və buzdan təmizlənməlidir. Aidiyyəti qurumlar ilk növbədə bu işi operativ şəkildə icra etsə, ciddi problem yaşanmaz”.