DGK-də gömrük təmsilçiləri ilə görüş keçirilib
    • 12-04-2019, 14:43
    • 995

DGK-də gömrük təmsilçiləri ilə görüş keçirilib

Bu gün Dövlət Gömrük Komitəsində gömrük  təmsilçiləri ilə görüş keçirilib. Görüşdə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov, Komitə sədrinin müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov, Baş İdarə rəisləri, aidiyyəti qurumların rəhbərləri, gömrük təmsilçiləri iştirak edib.

DGK-nin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, görüşdə çıxış edən DGK sədrinin birinci müavini İsmayıl Hüseynov bildirib ki, ticarətin asanlaşdırılması, vətəndaş məmnuniyyətinin təmin olunması istiqamətində Prezident İlham Əliyev tərəfindən ciddi islahatlar həyata keçirilir və bu islahatların əsas istiqamətlərindən biri də münbit və şəffaf biznes mühitinin yaradılmasıdır.

Ölkəmizin gömrük orqanları bu sahədə qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi məqsədilə ciddi addımlar atır və artıq gömrük-biznes münasibətlərində məmur-vətəndaş təması minimuma endirilərək şəffaflıq təmin edilib.

Gömrük işinin səmərəli və şəffaf şəkildə həyata keçirilməsində gömrük təmsilçilərinin mühüm rol oynadığını söyləyən Komitə sədrinin birinci müavini uzun illərdir təşkil edilməsinə baxmayaraq gömrük təmsilçiliyi  institutlarının peşəkarlığının, bilik və bacarıqlarının artırılmasına ciddi ehtiyac olduğunu vurğulayıb və qarşılıqlı işgüzar əməkdaşlıq müstəvisində bu məsələlərin həllini tapacağına ümidvar olduğunu bildirib.

Dövlət Gömrük Komitəsi sədrinin müavini Cavad Qasımov son illərdə gömrük orqanlarında aparılan islahatlar nəticəsində biznes nümayəndələri üçün əlverişli şəraitin yaradıldığını diqqətə çatdırıb.  Həyata keçirilən islahatlardan gömrük təmsilçilərinin də faydalanmasının vacibliyinə toxunan Komitə sədrinin müavini bu sahədə fəaliyyət göstərən qurumların və şəxslərin gömrük qanunvericiliyini mükəmməl şəkildə mənimsəməsinin biznes mühitinin yaxşılaşdırılmasına, şəffaflığın təmin olunmasına, gömrük əməliyyatlarının sürətli və asan şəkildə həyata keçirilməsinə münbit şərait yaradacağını bildirib.

Dövlət Gömrük Komitəsinin gömrük təmsilçilərinə daim dəstək göstərdiyini qeyd edən Cavad Qasımov gömrük orqanları tərəfindən təmsilçilər üçün xüsusi kursların, seminar və təlimlərin təşkil ediləcəyini vurğulayıb. Diqqətə çatdırılıb ki, məqsəd gömrüklə biznes arasında  körpü  rolu oynayan təmsilçilik institutlarının peşəkarlığının və xidmət səviyyəsinin artırılmasıdır.

Sonda mövzu ilə bağlı fikir mübadiləsi aparılıb, rəy və təkliflər dinlənilib, gömrük təmsilçilərinin sualları cavablandırılıb.