-
- 17-01-2024, 15:41
- 272
“Təfəkkür” Universitetinin prorektorunun qətli ilə bağlı məhkəmə prosesi KEÇİRİLDİ
“Elm və Təfəkkür Universiteti”nin prorektoru Tariyel Əhmədovun öldürülməsində təqsirləndirilən həmin universitetin rektoru Müşfiq Atakişiyev, Dəyanət Quliyev və Samir Quliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
R TV xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakim Siyavuş Hacıyevin sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Daha sonra Müşfiq Atakişiyevin vəkili Kamran Kərimov vəsatət verib. O, bildirib ki, təqsirləndirilən şəxs ifadəsində ailə sirri, kommersiya sirri təşkil edən məlumatlar verə bilər. O, təqsirləndirilən şəxslərin səmimi etiraf etməsi üçün qapalı keçirilməsi üçün vacibdir.
Müşfiq Atakişiyev və digər təqsirləndirilən şəxslər vəsarəti müdafiə ediblər. Prokuror Cövdət Mehrəliyev isə vəsatətin təmin olunmaması istəyib.
Onun sözlərinə görə, cinayət işinin materiallarında sirr təşkil edən hala rast gəlinməyib, əgər proses vaxtı bu hallar müəyyən edilərsə, həmin hissə qapalı keçirilə bilər.
Hakim deyib ki, prosesin qapalı keçirilməsi üçün əsas yoxdur. Bu səbəbdən hakim vəsatəti təmin etməyib.
Deyib ki, prosesin gedişində qapalı keçirilməsinə hər hansı bir zərurət yaranarsa, bu məsələ müzakirə oluna bilər.
Məhkəmə baxışı yanvarın 22-ə təyin olunub.
Qeyd edək ki,İstintaq materiallarına əsasən, "Təfəkkür" Universitetinin prorektoru Tariyel Əhmədovun 16 sentyabr 2011-ci il tarixdə qəsdən öldürülməsi faktı ilə bağlı başlanmış cinayət işi üzrə cari ilin aprel ayında Dəyanət Quliyev Cinayət Məcəlləsinin müvafiq maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunması istiqamətində tədbirlər görülüb.
Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən birgə keçirilən çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlinin sifariş əsasında törədilməsinə dair sübutlar əldə edilib.
Belə ki, cinayət hadisəsinin baş verdiyi vaxt qeyd olunan təhsil müəssisəsinin rektoru vəzifəsində işləmiş, hazırda isə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun icraçı direktoru və həmin İqtisadiyyat İnstitutu nəzdində iqtisad elmləri sahəsində doktorluq dissertasiya şurasının sədri vəzifəsində çalışan Müşviq Atakişiyevin zərərçəkmiş şəxs Tariyel Əhmədovu işgüzar nüfuzuna və rektor vəzifəsində qalmasına maneə kimi qəbul etməsi, bu səbəbdən qisas məqsədilə pul müqabilində onun öldürülməsini öz qohumu Dəyanət Quliyevə sifariş verməsi, sonuncunun isə həmkəndlisi Samir Quliyevlə birgə cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edilib.
Müşviq Atakişiyev (sifarişçi) və Samir Quliyev (icraçı) iş üzrə Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədilə qəsdən adam öldürmə) maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilib, məhkəmənin qərarı ilə Müşviq Atakişiyev barəsində vəzifədən kənarlaşdırmaqla həbs, Samir Quliyev barəsində isə həbs qətimkan tədbiri seçilib.
Aslan Nadiroğlu