“Azərbaycanda çörək ucuzlaşa bilər” — ŞAD XƏBƏR
    • 24-01-2024, 20:00
    • 189

“Azərbaycanda çörək ucuzlaşa bilər” — ŞAD XƏBƏR

Deputat Vüqar Bayramov bildirib ki, ölkədə çörəyin qiyməti ucuzlaşa bilər. 

News24.az xəbər verir ki, o, “AZƏRTAC”a açıqlamasında deyib ki, buğdanın idxal qiymətinin enməsi dünya bazarında taxılın ucuzlaşması ilə bağlıdır: 

“Azərbaycanın xaricdən aldığı buğdanın qiymətində 20% azalma müşahidə olunur. 1 ton buğdanın qiyməti 338 ABŞ dollarından 259 ABŞ dollarına düşüb”. Deputatın sözlərinə görə, bu vəziyyətin iqtisadi baxımdan bir sıra faydaları olacaq.  

İqtisadçı ekspert Akif Nəsirli Demokrat.az-a açıqlamasında deyib ki, artıq iki ildir dünyada buğda ucuzlaşır:

“Azərbaycanın buğdanı idxal etdiyi ölkə əsasən Rusiyadır. Rusiyada buğdanın qiyməti 220 dollara qədər düşmüşdü, indi bir qədər artım var. Meyar kimi zavod çörəyinin qiymətini götürsək, maya dəyəri təxminən 20-30 qəpikdir, amma 55-60 qəpiyə satılır, yəni 25-30 qəpik baha. Çörək bişirmə sənayesi, un istehsalı və buğda idxalında monopoliya olmasaydı, zavod çörəyi 40-45 qəpiyə satılardı. Rəqabət üçün hətta 30 qəpiyə satanlar da olardı. 

Təəssüf ki, monopoliya olan yerdə qiymətin ucuzlaşması, keyfiyyətin artmasından söhbət gedə bilməz. Hökumətin təzyiqi ilə buna nail olmaq olur, amma bazar iqtisadiyyatında sahibkara hökumətdən təzyiqi olmamalıdır. Sahibkara rəqabətli mühit yaradılmalıdır. 

Dünya bazarında məhsulun maya dəyərindəki ucuzlaşmanın təsirini pərakəndə satışda görmək üçün rəqabət mühiti olmalıdır. Bahalaşmanı dərhal hiss edirik, amma ucuzlaşma olanda elə də hiss olunmur”.