-
- 25-01-2024, 18:09
- 253
Araik Arutyunyan, Qukasyan, Saakyan və digərləri barədə YENİ QƏRAR
Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən həbs edilən, Qarabağda qondarma separatçı rejimin "prezidentləri" olmuş Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, sabiq "xarici işlər naziri" David Babayan, eləcə də "parlament sədri" David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan barəsində seçilmiş həbs qətimkan tədbirlərinin müddətinin uzadılması ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsinin vəsatətlərinə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatlarına baxılıb.
News24.az APA-ya istinadən bildirir ki, vəsatətlərə Binəqədi rayon Məhkəməsində baxılıb.
Məhkəmə təqdimatları təmin edib və onların hər biri barəsində həbs qətimkan tədbirinin müddətini daha 4 ay uzadıb.
Qeyd edək ki, istintaqı Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən aparılan cinayət işi üzrə separatçı rejimin ümumilikdə 15 nəfər üzvü məsuliyyətə cəlb olunub. Həmin şəxslər barəsində müxtəlif illərdə Baş Prokurorluq tərəfindən cinayət işi açılıb və beynəlxalq axtarış verilib. Ötən il keçirilən antiterror əməliyyatından sonra Azərbaycanın hüquq-mühafizə orqanları Qarabağda qondarma qurumun "prezidentləri" olmuş Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, sabiq "xarici işlər naziri" David Babayan, eləcə də "parlament sədri" David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və keçmiş "dövlət naziri" Ruben Vardanyanı da həbs edərək Bakıya gətirib.
Separatçılar sülh və insanlıq əleyhinə, müharibə cinayətlərində, terrorçuluqda, terrorçuluğu maliyyələşdirmədə, qətl, qanunsuz silahlı birləşmə yaratmaqda və s. cinayət əməllərində təqsirləndirilirlər.
Onlardan Ruben Vardanyanın barəsində həbs qətimkan tədbirinin müddəti bir neçə gün qabaq Səbail rayon Məhkəməsi tərəfindən 4 ay uzadılıb.