-
- 31-01-2024, 12:19
- 619
ATV-nin keçmiş prezidenti Tağı İbrahimov neçə il CƏZA ALACAQ? - FOTO
Yanvarın 15-də paytaxtın Binəqədi rayonunda yerləşən mebel sexində 10 nəfərin ölümü, 23 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən partlayış taxta materialların emalı zamanı yaranmış taxta tozunun və kimyəvi tərkibli materialların buxar qarışığının təmizlənməməsi səbəbindən minimum konsentrasiya limitinin aşılması nəticəsində baş verdiyi məlum olub. Toplanmış sübutlarla iş üzrə Tağı İbrahimov Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda), Toğrul Rzayev isə həmin Məcəllənin 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, hər iki təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirləri seçilib. Təqsirləndirilən şəxslər nə qədər cəza alacaq?
Mövzu ilə bağlı vəkil Əziz Qənbərli News24.az-a danışıb. Onun sözlərinə görə, həmin vəzifəli şəxslərin əməli sübuta yetirilərsə, cəza verilə bilər:
"Həmin şəxslərin əməli sübuta yetirilərsə, üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs tərəfindən bu qaydaların pozulması, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda (Cinayət Məcəlləsinin 225.3-ci maddəsi) üç ilədək müddətə müəyyən vəzifə tutmaq və ya müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Digər şəxsin ittiham olunduğu maddəyə əsasən, səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda (Cinayət Məlləsinin 314.3-cümaddəsi) üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır".
Vəkil əlavə edib ki, cəza vermək səlahiyyəti isə yalnız məhkəmələrə aiddir. Azərbaycan Respublikası Konustitusiyasının 63 cü maddəsinə əsasən, “Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.”
Qumral