-
- 6-02-2024, 22:19
- 465
Çörək alanda diqqətli olun
Çörək gündəlik qida rasionumuzda əsas olan qida məhsuludur. Buna görə də bu məhsulun istehsalı və saxlanma qaydaları ilə bağlı bəzi nüanslara diqqət etmək vacibdir.
News24.az bildirir ki, Lent.az çörək alarkən nələrə diqqət etməli və onu hansı şəraitdə saxlamalı olduğumuz barəsində kiçik bir araşdırma edib. Onu təqdim edirik:
Əgər söhbət çörəyin orqanizmə faydalarından danışılırsa, əvvəlcə onu bilmək lazımdır ki, bu çörəyin hansı tərkibdə hazırlanmasından asılıdır. Yanlış çörəklərdən istifadə etdikdə, bir çox xəstəliklərə tutula bilərik. Digər qidalarda olduğu kimi hazırlanma şəraiti, temperatur, nəmlilik və mikroorqanizmlər də çörəyin keyfiyyətinə pis təsir edir. Belə ki, ilk növbədə çörək istehsalı zamanı gigiyenik qaydalara əməl olunmalıdır. İstehsalla yanaşı, məhsulun daşınması vaxtı da sanitar qaydalara riayət olunmalıdır. Məsələn, çörək kəskin qoxulu məhsullarla birgə daşınmamalı, çiy məhsullarla təmasda olmamalı, təmiz şəraitdə saxlanılmalıdır.
Bir çox ölkələrdə olduğu kimi ölkəmizdə də ən çox yayılan birinci və ikinci növ buğda unundan hazırlanan çörəklərdir. Bu zaman çörəyin içi tam şəkildə bişirilməlidir. Bu zaman hazırlanan çörəyə əlinizlə basdıqda yapışqanlıq və nəmlik hiss edilirsə, deməli, xəmirin keyfiyyətində problem var. Çörəyə əlinizlə yüngül şəkildə basdıqda o öz əvvəlki vəziyyətinə qayıtmalıdır.
Təbii ki, bunlarla yanaşı çörəyin saxlanma qaydaları da var. Belə ki, gün ərzində yeyiləcək çörəyin boyatlaşmağını istəmirsinizsə, onu qablarda, sərin və quru yerlərdə saxlayın. Nəm şəraitdə çörəyin kiflənməsi qaçılmaz olur.
Bəs, evdə hazırlanan çörəkdə nələrə diqqət etməliyik?
Yuxarıda da qeyd etdiyimiz kimi əsl çörək buğda unundan hazırlanmalıdır. Buna görə də çalışıb evdə hazırladığımız çörəklərdə də ondan istifadə edilməlidir. Keyfiyyətli çörək üçün buğda unu və kəpəyi lazımdır. Bundan əlavə istəyə uyğun olaraq yulaf kəpəyi də əlavə oluna bilər. Bundan sonra maya və duz tökülərək xəmir yoğurulur. Qeyd etmək lazımdır ki, mayanın ev şəraitində hazırlanması məsləhətdir. Həmçinin, maya da xəmirdən hazırlanmalıdır.
Belə ki, qaydasında hazırlanmış çörəklər sağlamlıq üçün faydalıdır. Əsl sağlam çörək qida rasionumuzda yer almalıdır və günün ilk yarısı hər kəs öz yaşına uyğun çörəklə qidalanmalıdır.