-
- 16-02-2024, 00:21
- 20 943
Əhmədlə bağlı gizli qalan dəhşətli məqam - AÇIQLAMA
2 gün öncə Xətai rayonunda baş verən dəhşətli ailə faciəsi ictimaiyyətdə müəyyən suallar doğurur. Az qala hər kəs ailəsini öldürən Əhmədov Əhmədin psixoloji probleminin olub-olmamasını müzakirə edir. İnsanları düşündürən suallardan biri də, niyə onun psixoloji problemi olduğu halda təcrid edilməməsidir.
Doğrudanmı Ə.Əhmədovun psixoloji problemi olub?
Mövzunu Globalinfo.az-a şərh edən tibb elmləri doktoru, həkim-cərrah Adil Qeybulla deyib ki, ortada konkret cinayət faktı olduğu üçün istənilən halda cinayət törədənin anlaqlı olub-olmaması aydınlaşdırılmalıdır.
Həkimin sözlərinə görə, cinayətkarın anlaqlı olub-olmaması istintaqın gedişi üçün xüsusi önəm kəsb edir:
“Bu cür ailədaxili və kifayət qədər sosial təhlükə doğuran bir cinayət hadisəsində mütləq ekspertiza aparılmalıdır. Situasiyaya gəldikdə isə ola bilər, burada bir təqib maniyası olsun. Çünki belə xəstələr kiməsə qarşı cinayət törətməkdə meylli olurlar. Onlara elə gəlir ki, həmin şəxslər onun həyatına qəsd etmək istəyir və s. O da bunu qabaqlamaq üçün cinayətə yol verir”.
Həkim deyib ki, burada digər psixoloji hal da ola bilər və bu, araşdırılmalıdır:
“Hansısa maddənin təsiri altında olub-olmaması və s. ekspertizanın rəyindən sonra bilinəcək. Düşünürəm ki, bu cür halları törədən səbəblər ciddi şəkildə araşdırılmalı və cinayətin motivindən asılı olmayaraq bunun sonluğu əsas götürülərək, müəyyən tövsiyələr hazırlanmalı, bu tövsiyələr xalqa elan olunmalıdır ki, belə hallarda necə davranmalı olduqlarını bilsinlər. Bəzən doğmalıq fonunda göstərdiyimiz hansısa mərhəmət hissi təəssüf ki, sonradan böyük bir cinayətə yol aça bilir. Hesab edirəm ki, bununla bağlı həm müvafiq orqanlar, həm hüquq mühafizə orqanları, həm də tibbi ekspertiza bir rəyə gəldikdən sonra daha dəqiq tövsiyələr irəli sürmək mümkün olacaq”.