Ombudsman Aparatında Suriyadan gətirilən azərbaycanlılarla görüş
    • 22-02-2024, 19:22
    • 135

Ombudsman Aparatında Suriyadan gətirilən azərbaycanlılarla görüş

Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşları Suriyadan ölkəmizə repatriasiya edilən 7 nəfər azərbaycanlı ilə görüşüblər.

Ombudsman Aparatından News24.az-a verilən məlumata görə, görüş çərçivəsində Milli Preventiv Qrupunun ixtisasca psixoloq üzvü tərəfindən repatriasiya olunmuş 5-i uşaq və 2-si qadın olan şəxslərin psixoloji vəziyyəti qiymətləndirilib.

Sosial xidmət müəssisəsi tərəfindən repatriantların reabilitasiyası üzrə görülmüş tədbirlər barədə lazımi məlumatlar Aparatın əməkdaşlarına təqdim olunub.

Qeyd olunub ki, Ombudsman tərəfindən xarici ölkədə çətin vəziyyətə düşmüş və yardıma ehtiyacı olan vətəndaşlarımızın repatriasiyası, onların hüquq və azadlıqlarının təmini vəziyyəti diqqətdə saxlanılır. Bu istiqamətdə zəruri tədbirlərin görülməsi məqsədilə müxtəlif vaxtlarda Ombudsman tərəfindən Azərbaycan Nazirlər Kabinetinə, həmçinin digər səlahiyyətli dövlət qurumlarına müraciətlər edilib.