Saleh Məmmədov Cocuq Mərcanlıda vətəndaşları qəbul edib
    • 19-04-2019, 18:09
    • 2 653

Saleh Məmmədov Cocuq Mərcanlıda vətəndaşları qəbul edib

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində vətəndaşlarla görüşüb.

News24.az "Report"-a istinadən xəbər verir ki, qəbuldan əvvəl S.Məmmədov, Füzuli və Cəbrayıl Rayon İcra hakimiyyətlərinin başçıları Alı Alıyev və Kamal Həsənov Horadiz şəhərində ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər. 
Sonra “Aprel şəhidlərinə xatirə” abidəsi ziyarət olunub.
Səfər zamanı Cocuq Mərcanlı kənd tam orta məktəbində müəllim və şagirdlərlə görüş keçirilib, təhsil ocağına Dövlət Agentliyi tərəfindən kompüter dəstləri və məktəbli geyimləri hədiyyə edilib.
Cocuq Mərcanlıda yerləşən “13 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin binasında keçirilən qəbulda Cəbrayıl, Füzuli və Xocavənd rayonlarından olan vətəndaşların müraciətləri dinlənilib. Müraciətlər əsasən kəndlərarası avtomobil yollarının təmir-bərpası və yenidən qurulması, işə qəbul və digər məsələlərlə bağlı olub.
Qəbul zamanı hər bir vətəndaşın müraciəti AAYDA İdarə Heyətinin sədri Saleh Məmmədov tərəfindən diqqətlə dinlənilib, qaldırılan məsələlərin bir qismi yerində öz həllini tapıb, digər müraciətlər üzrə Agentliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib. Araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.
Vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.