-
- 1-03-2024, 23:56
- 352
Ceyhun Bayramov Slovakiyanın xarici işlər naziri ilə görüşüb
1 mart 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Slovakiya Respublikasının xarici işlər və Avropa məsələləri üzrə naziri Yuray Blanar ilə görüş keçirib.
XİN-dən News24.az-a bildirilib ki, görüşdə Azərbaycan-Slovakiya ikitərəfli münasibətlərinin hazırkı səviyyəsindən razılıq ifadə olunub, bu əlaqələrin daha da inkişaf etdirilməsi və strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi üçün səylərin birləşdirilməsinin vacibliyi vurğulanıb.
Yüksək səviyyəli qarşılıqlı səfərlərin və davamlı siyasi dialoqun iki ölkə arasında əlaqələrin daha da inkişafı üçün mühüm əhəmiyyət kəsb etdiyi bildirilib.
Yüksək səviyyəli qarşılıqlı səfərlərinin dövlətlərarası münasibətlərin gündəliyinin zənginləşməsində və mövcud dostluq əlaqələrinin dərinləşməsində mühüm rol oynadığı barədə həmfikirlik ifadə olunub.
Beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyə əsaslanan Azərbaycan-Slovakiya əməkdaşlığının bundan sonra da davam etdirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb.
İki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin, enerji və alternativ enerji sahəsində əməkdaşlığın, qarşılıqlı maraq doğuran layihələrin həyata keçirilməsi üçün Azərbaycan və Slovakiyanın birgə səylərini artırmasının vacibliyi vurğulanıb.
Azərbaycan və Ermənistan arasında sülh prosesinin cari vəziyyəti və perspektivləri, regionda mövcud vəziyyət və son inkişaflar barədə qarşı tərəfə məlumat verilib.
Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb.