“Müəllimin bir şapalağı ilə uşağın canı çıxacaq?! Cəhənnəmə çıxsın!”
    • 11-03-2024, 22:53
    • 390

“Müəllimin bir şapalağı ilə uşağın canı çıxacaq?! Cəhənnəmə çıxsın!”

Son illər orta məktəblərdə baş verən hadisələr hər kəsi düşündürür. Bu hadisələrdən necə qurtarmağın yolları axtarılır. 

Bu müzakirələrə müəllimlərin nüfuzdan düşməsi də aiddir. 

Bəs görəsən müəllimlərin nüfuzdan düşməsinə səbəb nədir? Bundan necə qurtulmaq olar? 

News24.az xəbər verir ki, məsələ ilə bağlı Yenisabah.az-a danışan yazıçı Seyran Səxavət bildirib ki, bu gün müəllim şagirdə şillə nədir, heç çırtma belə vura bilməz. Bu durum müəllimi şagirdin ayağına verməklə nəticələnir və beləliklə müəllimlər nüfuzdan düşür: 

“Biz müəllimləri hörmətdən salmışıq. Müəllimi asanlıqla şagirdlərin ayağına veririk. Nə var, nə var müəllim şagirdi qorxutmaq üçün yalançı bir şapalaq vurub. O dəqiqə aləm bir-birinə qarışır, elə bil üçüncü dünya müharibəsi baş verib. Müəllimlərin hörmətdən düşməsinin səbəbi bu kimi hadisələrdir. 

Mənim müəllimlərə ürəyim ağrıyır. Mənim də müəllimlərim olub, artıq onların heç biri bu həyatda yoxdur, lakin indiyə qədər mən onların ruhuna and içirəm. Hərdən çətinliyim olanda bu yaşımda da onların ruhunda sığınacaq tapıram. Bax, müəllim bu cür olar, yoxsa indiki kimi müəllimləri şagirdlərin ayağına verməklə iş düzəlməz. Yazıq müəllimi həm şagirdlərin, həm valideynlərin ayağına verirlər. Pay atonnan, böyük biş iş olub, müəllim nadinc uşağa bir şapalaq vurub... Lap yaxşı edib!”

77 yaşlı yazıçı vaxtilə orta məktəbdə özünün də döyüldüyünü etiraf edib:

 “Mən Qarabağın böyük kəndlərinin birində orta məktəbi bitirmişəm. O zaman lazım olanda direktor bizi də çırpırdı. Çünki çırpmasa, əmələ gəlmirdi. Bizim qanunlar milli-mentalitetə, milli xislətimizə uyğun olmalıdır. Bir şapalaqla uşağın canı çıxacaq?! Çıxacaqsa. Cəhənnəmə çıxsın, gora çıxsın! Müəllimi ayağa vermək valideyni ayağa vermək deməkdir. Valideyni ayağa vermək isə Allaha xoş gəlmir. Ona görə biz bu gündəyik.

Müəllimlər həddindən artıq nüfuzdan düşüb, belə olmaz! Müəllimin hörməti olmayan ölkənin gələcəyi ola bilməz”.