-
- 12-03-2024, 14:01
- 356
Bu məhsullar bahalaşdı
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən 101,3%, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 100,2%, qeyri-qida məhsulları üzrə 101,6%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 102,7% təşkil edib.
News24.az bildirir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən ay isə istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə isə 100,6%, ötən ilin eyni dövrünə nisbətən isə 100,8% olub.
O cümlədən, fevralda qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi yanvarla müqayisədə 100,7%, əvvəlki ilin eyni dövrünə nisbətən isə 99,7% təşkil edib. Ayrı-ayrı qida məhsullarından daha çox artım düyünün, qoyun ətinin, təzə balığın, kəsmiyin, kərə və zeytun yağının, naringinin, bananın, almanın, armudun, heyvanın, narın, kələmin, xiyarın, pomidorun, balqabağın, çuğundurun, sarımsağın, soğanın, şəkərin, arağın, azalma isə əsasən qarabaşaq yarmasının, yumurtanın, süfrə marqarininin, günəbaxan və qarğıdalı yağlarının, portağalın, yerkökünün qiymətlərində müşahidə olunub. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Ötən ay qeyri-qida malları üzrə istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə 100,1%, ötən ilin eyni dövrünə nisbətən isə 101,4% təşkil edib. Qeyri-qida məhsullarından artım əsasən plastik pəncərələrin, kəsilmiş taxtaların, azalma isə mobil telefonların və yazı kağızlarının qiymətlərində müşahidə olunub. Digər qeyri-qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Fevralda əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi yanvarla müqayisədə 101%, ötən ilin eyni dövrünə nisbətən isə 102,3% təşkil edib. Əhaliyə göstərilmiş ödənişli xidmətlərdən artım əsasən mobil telefonlarla danışıq haqlarında və hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.//milli.az