-
- 12-03-2024, 23:31
- 422
ABŞ-da inflyasiya sürətləndi – FED nə qərar verəcək?
Fevralda ABŞ-da istehlak qiymətləri (CPI) ötən ilin eyni ayı ilə müqayisədə 3,2 faiz artıb.
News24.az Musavat.com-a istinadla xəbər verir ki, bu barədə ölkənin Əmək Nazirliyi məlumat yayıb.
Məlumatdan aydın olur ki, yanvarda olan 3,1 faizlik inflyasiya ilə müqayisədə fevralda bahalaşma sürətlənib.
“Trading Economics”in məlumatına görə, analitiklər orta hesabla inflyasiyanın yanvar səviyyələrində qalacağını proqnozlaşdırırdılar.
ABŞ-da enerji qiymətləri yanvarda 4,6 faiz azaldıqdan sonra ötən ay illik müqayisədə 1,9 faiz, o cümlədən benzinin qiyməti 3,9 faiz ucuzlaşıb. Ərzaq qiymətlərinin artım tempi 2,6 faizdən 2,2 faizə, yeni avtomobillərin qiyməti 0,7 faizdən 0,4 faizə, tibbi malların qiymətində 3 faizdən 2,9 faizə qədər azalıb.
Fevral ayında CPI indeksi bir əvvəlki aya görə 0,4 faiz artıb. Bu, son beş ayın ən yüksək göstəricisidir. Yanvarda artım 0,3 faiz təşkil etmişdi. Ərzaq və enerji xərclərini nəzərə almasaq, istehlak qiymətləri (Əsas CPI indeksi) fevral ayında aylıq 0,4 faiz, illik əsasda isə 3,8 faiz artıb.
Federal Ehtiyat Sistemi (FED) ölkədə istehlak qiymətlərinin artım tempi ilə bağlı məlumatları diqqətlə izləyir ki, bu da pul siyasəti ilə bağlı qərarların qəbul edilməsində əsas amillərdən biridir. Qurumun inflyasiya hədəfi 2 faizdir.
FED-in faiz dərəcəsi ilə bağlı növbəti iclası martın 19-20-də baş tutacaq.