"Arvadımın telefonunda qeyri-etik şəkillər gördü..." - Salyanda qətl
    • 15-03-2024, 13:45
    • 835

"Arvadımın telefonunda qeyri-etik şəkillər gördü..." - Salyanda qətl

Salyan rayonunda 1990-cı il təvəllüdlü Mahmud 1998-ci il təvəllüdlü həyat yoldaşı Şahnazı (adlar şərti verilib - red.) öldürüb.

News24.az bildirir ki, teleqraf.com-un məlumatına görə, Mahmud rəsmi nikahda olduğu arvadı Şahnazın mobil telefonu ilə gizli şəkildə başqa kişilərlə əlaqə saxlayaraq ona xəyanət etməsindən şübhələnib. Habelə 2023-cü il iyunun 16-dan 17-nə keçən gecə saat üç radələrində qonşusu Elməddinlə yaşadığı evdə gizli görüşərək əxlaqsızlıq etdiyini öyrənib.

Bu səbəbdən uzun müddət Şahnazla mübahisələr edib. Şahnaz altı avqust 2023-cü ildə yaşadığı evdə sirkə turşusu içərək zəhərləndiyi üçün xəstəxanada müalicə olunub. Mahmud arvadı anası evində yaşamağa başlayandan sonra qısqanclıq zəminində qisas məqsədilə onu qəsdən öldürmək qərarına gəlib.

Mahmud cinayətkar niyyətini həyata keçirmək üçün Şahnazın sirkə turşusu içməsinin araşdırılması ilə bağlı hüquq-mühafizə orqanına birlikdə izahat verməyə getmək bəhanəsi ilə görüşmələri üçün mobil telefonla danışaraq onu razı salıb. Avqustun 16-da saat 14 radələrində mağazadan bıçaq alıb. Cinayəti törətmək üçün cəsarətlənmək məqsədilə Salyan şəhəri ərazisindəki kafelərin birində içki içərək yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətinə düşüb. 

Mahmud daha sonra onu gözləyən Şahnazla görüşüb və bıçaqla ona xəsarətlər yetirib. Qadın aldığı xəsarətlərdən vəfat edib.

İstintaq orqanı tərəfindən Mahmudun barəsində Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Mahmud ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O qeyd edib ki, ailəsi ilə birlikdə Salyan rayonunun kəndində yaşayıb, rəsmi olaraq heç bir yerdə işləməsə də, fərdi əməklə məşğul olub:

"2016-cı ildə Şahnazla ailə quraraq rəsmi nikaha daxil oldum. Onu atama məxsus evə gətirdim. Birgə nikahımızdan qızım Səlimə və oğlum Nəcəf dünyaya gəldilər. 2019-cu ilədək ata evində normal yaşamışıq. 2019-cu ildən Şahnaz məişət məsələləri ilə əlaqədar valideynlərimlə mübahisə etməyə başladı və ayrı evdə yaşamağı tələb etdi. Buna görə atam həyətdə olan boş torpaq sahəsində ev tikdirdi və 2020-ci ildə ailəmi ora köçürtdü. Təzə evə köçəndən altı-yeddi ay normal yaşadıq".

Təqsirləndirilən şəxsin sözlərinə görə, 2021-ci ildən etibarən Şahnaz onunla yola getməməyə, xırda məişət məsələlərinə görə mübahisə, münaqişə etməyə başlayıb:

"Artıq məni sevmədiyini, məndən boşanmaq istədiyini bildirdi. Mən Şahnazdan boşanmaq istəmirdim. Buna görə aramızda davalar olub. Belə davaların birində Şahnaza şillə vurdum. O da küsərək atası evinə getdi və barəmdə Salyan Rayon Polis Şöbəsinə şikayət etdi.

Şahnazla barışdığım üçün barəmdə cinayət işi başlanılmadı. Sonra o, boşanmaq üçün Salyan Rayon Məhkəməsinə ərizə verdi. Sonra isə barışdığımız üçün ərizəsini geri götürdü. Bir müddət mehriban yaşasaq da, Şahnaz yenə də müxtəlif bəhanələrlə məndən küsüb atasının evinə getdi. Mən onu hər dəfə çətinliklə yola gətirmişəm, barışmışıq".

Mahmud qeyd edib ki, 2022-ci ildə Şahnazın öz mobil telefonu ilə hamam otağında gizli-gizli tanımadığı kişi ilə danışdığını eşidib:

"Telefonu Şahnazın əlindən almaq istəyəndə onu yerə çırparaq sındırdı. Nömrəni tapa bilmədiyim üçün onu tam ifşa edə bilmədim. Sonradan ona yeni mobil telefon aldım.

Şahnaz mənə soyuq davrandığından, mənimlə intim münasibətə girməkdən yayınmağa çalışdığından xəyanət etməsinə şübhələrim artmağa başladı. Son zamanlar o, mobil telefonunun kodunu məndən gizlədirdi. Buna görə də şübhələrim artdı. Hərdən işləmək üçün Bakıya gedib orada bir neçə gün qalırdım. Həmin müddətdə Şahnaz evdə tək olurdu. Qayıdanda Şahnazın özünü aparmağından mənə xəyanət etdiyi şübhəsinə düşürdüm. Bakıda olanda Şahnaz bir dəfə də məndən küsərək xəbərsiz atasının evinə getdi. Onu evə anası qaytardı".

Mahmudun ifadəsinə görə, 2023-cü ildə Şahnazın mobil telefonunu azyaşlı oğlu götürüb. Bu zaman Şahnaz telefonu uşağın əlindən alıb. Uşaq telefonda qonşumuz Elməddinin qeyri-etik fotolarını görüb:

"Şahnazdan fotolar barədə soruşdum. Elməddinin öz şəkilini səhvən ona göndərdiyini bildirdi. Bundan sonra Şahnaz mobil telefonu məndən gizlətməyə daha çox çalışdı, giriş kodunu dəyişdi. Bütün qovluqlara, girişə parol qoydu. Şahnazın mənə xəyanət etdiyini bildim. Lakin uşaqlara görə ona heç nə edə bilmədim. Azyaşlı oğlum Bakıda xəstəxanada əməliyyat olunduğu vaxt Şahnaz yeddi-səkkiz gün uşağın yanında qaldı, xəstəxanadan çıxmaq istəmədi. Onun bu hərəkətindən xəstəxanada mənə xəyanət etməsindən şübhələndim".

Təqsirləndirilən şəxs qeyd edib ki, 2023-cü ilin iyul ayında Bakı şəhərində yaşayan xalası Yetərin evində qonaq olub:

"Xalamdan eşitdim ki, Şahnaz qonşumuz Elməddinlə görüşür. Elməddinin arvadı onları birlikdə görüb. Evimə qayıdan kimi Şahnazı Elməddinlə görüşüb-görüşməməsi barədə sorğu-sual etdim. Lakin heç nəyi etiraf etmədi. Bir dəfə Şahnaz telefonda dedi ki, Elməddinlə sevgiliyəm. Bir dəfə qardaşım Aydın Şahnazın xəyanət etməsi səbəbindən kənddə biabır olduğumuzu, buna görə Bakıya çıxıb gedəcəyini bildirdi və qısa zamanda dediyini etdi. Kənddə hamının mənə qəribə baxdığını, öz aralarında pıçıldaşdıqlarını görəndə çox pis vəziyyətə düşdüm. Xəcalətimdən, utandığımdan insanların arasına çıxa bilmədim. Şahnazı boşamasam da, Elməddin haqda eşitdiklərimə görə tez-tez onunla aramızda mübahisə baş verirdi".

Mahmudun sözlərinə görə, Şahnaz son zamanlar onunla mübahisə edərkən xəyanət etdiyini etiraf edib.

"Avqustun yeddisində gecə məni yuxudan oyadaraq sirkə turşusu içdiyini dedi, xəstəxanaya aparmağımı istədi. Qonşusunun avtomobili ilə onu xəstəxanaya apardım. Həmin vaxt Şahnaz yaxşı danışa bilmədiyi üçün sirkə turşusu içməsinin səbəbini bilmədim. Sonradan məlum oldu ki, mənimlə arasında olan davadan sonra bu addımı atıb. Şahnaz üç-dörd gün xəstəxanada müalicə olunandan sonra yenə də atasının evinə getdi. Həmin vaxt uşaqlarım da anasının yanında qaldılar. Şahnazın mobil telefonuna zəng çatmadığı üçün öz telefonumla bacısı Fərqanəyə zəng etdim və bu yolla Şahnazla bir neçə dəfə danışdım. Şahnaz məni sevmədiyini, ayrılacağını, başqa kişi ilə ailə quracağını bildirdi. Bu sözlərdən daha da əsəbiləşərək onu öldürmək qərarına gəldim. Atasının evində qaldığı üçün onu küçədə öldürməyi planlaşdırdım".

O qeyd edib ki, Şahnazı sakit və insanların az olduğu yerdə öldürmək istəyib:

"Şahnaz görüşə bacısı ilə gəldi. Şahnazı bacısının yanında öldürmək istəmirdim. Lakin başqa yolum qalmadığından poçt məntəqəsinin qarşısında cibimdəki bıçaqla Şahnazın ürək nahiyəsinə bir zərbə vurdum. Zərbəni zəif vurduğumu hiss etdim. Bir zərbədən ölməyəcəyini düşünərək bıçaqla ürək nahiyəsinə ikinci zərbəni endirdim. Fərqanə Şahnaza üçüncü zərbəni vuracağımı düşünərək əlimdən tutdu. Daha zərbə endirmək fikrim olmadığından bıçağı poçtun qarşısında yerə atdım, qaçaraq uzaqlaşdım. Şahnazı bıçaqla vuranda ətrafda və yanımda Fərqanədən başqa heç kim olmayıb".

Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Mahmud 16 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsinə qərar verilib.