Benzinlə bağlı xəbərdarlıq edildi: - Azərbaycanda nə olacaq?
    • 23-03-2024, 10:55
    • 410

Benzinlə bağlı xəbərdarlıq edildi: - Azərbaycanda nə olacaq?

Rusiya neft emalı 2024-cü ilin əvvəlində ikiqat zərbə ilə üzləşib. Sanksiyalar neft emalı zavodlarında təmir işlərinin aparılmasını çətinləşdirir və pilotsuz təyyarələrin hücumları dəyən ziyanın sayını artırır.

Energetika və Maliyyə İnstitutunun (IEF) iqtisadiyyat şöbəsinin rəis müavini Sergey Kondratyev “Forbes”dəki köşə yazısında ölkənin yayda benzin qıtlığı ilə üzləşəcəyinə dair xəbərdarlıq edib. Onun sözlərinə görə, Rusiya neft emalı zavodlarının ümumi gücü 340 milyon tondur. Bu göstəriciyə görə ölkə bir neçə dəfə də olsa, yalnız ABŞ və Çindən geri qalır. Ötən il emal 275 milyon ton təşkil edib. İstehsal olunan benzinin 86-90 faizi, təyyarə yanacağının 80-85 faizi, dizel yanacağının 50-60 faizi daxili bazara verilir.

“Sovet dövründə, məsələn, Fransadan neft emalı zavodları üçün xarici avadanlıqlar fəal şəkildə alınırdı, lakin SSRİ-nin dağılmasından sonra avadanlıq idxalı dəfələrlə artdı. 2000-ci ildə onun payı 80 faizə çatdı, 2010-cu illərdə vəziyyət dəyişməyə başladı, lakin hər halda, xarici həllər layihələr üçün komponentlərin yarıdan çoxunu təşkil edir. Bu səbəbdən, mövcud qurğuların təmiri və zavodların modernləşdirilməsi getdikcə daha çox problemə çevrilir. Həll yolu tərs mühəndislik, yəni Qərb cihazlarının tam analoqlarının hazırlanması ola bilər, lakin bu, illər çəkəcək. Lakin paralel idxal tələb olunan komponentlərin atipik və nadir olması ilə çətinləşir”. Xüsusilə “Lukoyl”un Nijni Novqorod Neft Emalı Zavodu bu problemlə üzləşib. Katalitik krekinq qurğusunu təmir etmək hələ mümkün deyil. Şirkət işləri martın 31-dək başa çatdırmaq istəyib, lakin tələb olunan kompressorun tapılıb-tapılmadığı məlum deyil.

Rusiyanın xaricə yanacaq satışının bir müddət məhdudlaşdırması ölkəmizdə yanacağın qiymətini artıracaq?

Mövzu ilə bağlı iqtisadçı-ekspert Vüqar Qocayev “Cebhe.info”-ya bildirib ki, ölkəmiz daha çox Aİ-95 markalı yanacağı idxal edir.

“Ölkəmizdə Aİ-92 markalı yanacağın idxal payı elə də yüksək deyil.

Əsasən Aİ-95 markalı yanacağı idxal edirik. O da Rusiyadan yox, Rumıniyadan idxal olunur. Belə olan halda Rusiyanın Aİ-92 markalı yanacağının idxalının bir neçə aylıq məhdudlaşdırılması daxili bazara ciddi təsir etməyəcək”.

Ekspert vurğulayıb ki, ölkəmizdə yanacaq qıtlığı olmaması üçün yanacağa tətbiq edilən gömrük rüsumları aşağı salınır:

“Azərbaycan yanacaq idxalını tək Rusiya Federasiyasından etmir. Buna nümunə olaraq Qazaxıstan, Rumıniya və digər ölkələrin adını çəkmək olar. Ölkədə yanacaq azaldıqda, yanacağa tətbiq edilən gömrük rüsumlarını azaltmaqla, əsasən də İran İslam Respublikasından kifayət qədər yanacaq idxal etməklə daxili bazarda yarana biləcək yanacaq qıtlığını minimuma endirmək olar”.

Ekspert qeyd edib ki, Rusiyanın özündə yanacaq qıtlığı yarana bilər:

“Rusiyaya dronla hücumlardan sonra Rusiyanın özündə yanacağ qıtlığı yarana və hətta yanacağın qiyməti bir qədər arta bilər.

Təsəvvür edin, dünyaya neft və qazla hədə- qorxu gələn dövlət bu gün özü yanacaqdan asılı hala gələ bilər. Bu, Rusiya kimi dövlət üçün heç də xoşagələn hal deyil”.

İqtisadçı Natiq Cəfərli isə bildirib ki, Ukrayna ordusu tərəfindən edilən drola hücumlar Rusiyanın neft emalı zavoduna ciddi təsir edib.

“Son zamanlar Rusiya-Ukrayna müharibəsi gərginlənib. Bu səbəbdən Ukrayna ordusu tərəfində Rusiya ərazisində müxtəlif hücumlar edilir. Bu hücumlardan sonra Rusiyanın neft emalı zavodları zərbələr alıb. Zərbələrdən sonra Rusiyanın benzin istehsalı təxminən 15 faiz azalıb. Bəzi analitiklərin fikrincə, onların təmiri və istehsala qayıtması üçün zamana ehtiyac var. Hətta 1 ilə yaxın zaman tələb etdiyini söyləyənlər də var. Bu, Rusiyada benzin qıtlığının yaranmasına səbəb ola bilər. Çünki yaz əkini başlayır, yayda əkilmiş torpaqlardan məhsul yığımı olmalıdır. Bunların hamısına dizel yanacağı lazımdır. Dizel yanacağı təkcə hərbidə istifadə olunmur. Ona görə mən düşünürəm ki, Rusiyada bu problem olacaq”.

Ekspert vurğulayıb ki, Azərbaycanın özünün neft istehsalı var:

“Düzdür, bəzən çatışmayan hissəni biz başqa ölkələrdən, o cümlədən Rusiyadan alırdıq və ola bilər ki, dizel yanacağı almağımızda problemlər yaşansın. Ancaq mən bunun Azərbaycanda da qıtlığa səbəb ola biləcəyini düşünmürəm. Çünki başqa alternativlər də var. Məsələn, Ruminiyadan, Qazaxıstandan Azərbaycan benzin ala bilər.

Nazirlər Kabineti bununla bağlı güzəştlər tətbiq edib. Xaricdən idxal olunan dizel yanacağı və 92 markalı yanacağın gömrük rüsumları demək olar ki, sıfırlandı. Ona görə bunun Azərbaycana birbaşa adiyyəti yoxdur”.

Ekspert qeyd edib ki, Rusiyadakı durumun dünya bazarında benzinə yox, dizel yanacağının qiymətinə təsiri ola bilər.