Aprelin 5-dən sonra nə olacaq?
    • 3-04-2024, 23:29
    • 1 538

Aprelin 5-dən sonra nə olacaq?


Aprelin 5-də ABŞ -Ermənistan və Avropa İttifaqının birgə iclası keçiriləcək. Ermənistan Baş naziri Nikol Paşinyanın iştirak edəcəyi görüş Ermənistana siyasi-hərbi və maliyyə dəstəyinə hedablanıb. Təbii ki, bu format Ermənistanı Rusiyanın orbitindən çıxarılmasına hesablanıb. Amma, Ermənistana verilən bu dəstək Azərbaycanla sülhə mane olur. N. Paşinyan bu dəstəyi hiss etdikdən sonra, Azərbaycanla danışıqlardan yayına bilər.

News24.az Yenisabah.az-a istinadla xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə qeyd edib. 

Politoloqun sözlərinə görə, ABŞ və Avropa İttifaqı birmənalı şəkildə Ermənistanda Rusiyanın mövqeyinə zərbə vurmaq üçün hərəkətə keçib.

"Bu danışıqlardan sonra Ermənistan hakimiyyəti anti-Rusiya siyasətini inkişaf etdirəcək. Bu görüş Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanmasına dəstək vermədiyi üçün heç bir müsbət perspektivi olmayacaq. Regionda hərbi-siyasi vəziyyətin gərginləşməsinə xidmət edəcək".

"Vaşinqton və Brüsseldə yaxşı anlayırlar ki, Ermənistanın Qərblə əməkdaşlığı Azərbaycan və Türkiyə ilə normallaşma prosesindən keçir. Amma, Fransanın burada inadkar mövqeyi nəticəsində proseslər mənfi istiqamətdə irəliləyir. Aprelin 5-dən sonra Ermənistan dörd kəndi Azərbaycana geri verməsə, hərbi təxribatlara əl ata bilər" - Məhəmməd Əsədullazadə fikrini tamamlayıb.