"Paşinyanın hakimiyyəti hazırda böyük təhlükədədir" - Politoloq
    • 8-09-2023, 19:41
    • 447

"Paşinyanın hakimiyyəti hazırda böyük təhlükədədir" - Politoloq

Rusiya Federasiyası, Amerika Birləşmiş Ştatları, Avropa İttifaqı və ya BQXK kimi müxtəlif beynəlxalq aktorlar vasitəsilə aparılan bütün qarşılıqlı təmaslar zamanı Ermənistanın real danışıqlardan yayınır. Bu barədə XİN-in diplomatik korpus üçün bölgədəki vəziyyətlə əlaqədar keçirdiyi brifinqdə bildirilib.

Mövzu ilə bağlı News24.az-a danışan politoloq Amid Əliyev bildirdi ki, hal-hazırda müşahidə etdiyimiz siyasi proseslərdən belə aydın olur ki, Ermənistan siyasi hakimiyyəti tərəfindən aparılmış məqsədyönsüz xarici siyasət nəticəsində Ermənistan bölgədə milli maraqları toqquşan iri dövlətlərin ziddiyyətləri arasında boğulmaqdadır.

"Bunun əsas günahkarı Ermənistan siyasi hakimiyyəti, xüsusilə də baş nazir Nikol Paşinyandır. Belə ki, o, İkinci Qarabağ müharibəsindən sonra Ermənistan, Azərbaycan sülh gündəliyinin dəstəklənməsi istiqamətində keçirilmiş Brüssel, Moskva, Vaşinqton və digər görüşlərdə əldə edilmiş razılıqların üzərindən birdəfəlik olaraq xətt çəkdi. Məsələn, son Brüssel görüşündən sonra Ermənistan siyasi hakimiyyəti birmənalı şəkildə Azərbaycanla əldə edilmiş razılıqlara qarşı gələrək azərbaycanlılara qarşı sərt ritorikadan istifadə etməyə başladı. Eyni zamanda Rusiyanın bölgədəki mövqeyinin zəiflədilməsi istiqamətində qərbyönümlü siyasət yeritməyə başladı"

Politoloqun sözlərinə görə, Ermənistan xarici siyasətində balanslaşdırılmış siyasət yeridə bilmir. 

"Əgər Rusiyanın dediklərini yerinə yetirirsə, Qərb tərəfdən təzyiqlərlə rastlaşır və yaxud da Qərbin dediklərini həyata keçirəndə Rusiya tərəfindən müəyyən siyasi, iqtisadi təzyiqlərlə üzləşməli olur. Hazırkı dövrdə Ermənistan siyasi hakimiyyəti olduqca çıxılmaz bir vəziyyətə düşüb. Son günlər, ümumiyyətlə, Paşinyan tərəfindən verilən açıqlamalar, bəyanatlar onu deməyə əsas verir ki, Ermənistan siyasi hakimiyyəti, hal hazırda Rusiyanın bölgədən çıxarılması, bölgədəki nüfuzuna xələl gətirilməsinə yönəlmiş bir siyasət aparır. Məsələn, Amerika Birləşmiş Ştatları ilə təlimlərin keçirilməsi, KTMT də olan rəsmi nümayəndəsinin geri çağırılması, bütün bunlar həmin o dediyimiz məsələlərin  elementləridir. Bu, Ermənistan siyasi hakimiyyəti üçün, ümumiyyətlə, Ermənistan cəmiyyəti üçün çox ağır nəticələnə biləcək bir siyasətdir"

A.Əliyev qeyd etdi ki,  Ermənistanda birbaşa Rusiya bağlı siyasi qüvvələr var. və onlar Kremldən alınan direktivlər əsasında fəaliyyət göstərirlər. 

"Son günlər biz həm Koçaryanın, həm də Sarksyanın aktivləşməsini görürük. Bu da Ermənistan siyasi hakimiyyəti üçün olduqca böyük bir təhlükədir. Bütün bu hadisələr fonunda Ermənistana havadarlıq edən Amerika Birləşmiş Qüvvələri, Fransa, İran, Rusiyanın müəyyən siyasi dairələr arasında artıq Ermənistanda parçalanma gedir. Bunun qarşısını almaq üçün Ermənistanın siyasi hakimiyyəti hazırkı vəziyyətdə erməni xalqını erməni cəmiyyətini toplamaq və öz ətrafında sıx birləşdirmək üçün yeganə çıxış yolunu Azərbaycana qarşı istər şərti dövlət sərhədində, istərsə Xankəndi və digər ərazilərdə Azərbaycana qarşı silahlı təxribatların həyata keçirilməsində görür. Belə fikirləşirlər ki, bu təxribatlar fonunda erməni cəmiyyəti birləşəcək, vahid bir millət olaraq siyasi hakimiyyəti dəstəkləyəcək.  Lakin burada da Ermənistan siyasi hakimiyyəti öz avantürist fikirlərinə uyğun hərəkət edir. 

Belə təxribatların olacağı təqdirdə, Azərbaycanın verəcəyi cavab Ermənistanın yeni ərazi itkiləri və erməni cəmiyyətində dərin bir xaos yarada biləcək ki, bunun nəticəsində də hətta siyasi hakimiyyətin dəyişikliyi prosesinə qədər gedib çata bilər"

Politoloq vurğuladı ki, hazırda Rusiya kütləvi informasiya vasitələrində artıq Vaqner dəstələrinin İrəvan istiqamətində hərəkət etməsi və Ermənistanda hakimiyyət dəyişikliyi istiqamətində yeni planın işə düşməsi barədə məlumatlar yayılır.

"Ermənistanı dəstəkləyən Qərb dövlətləri bu məsələnin baş verməməsi üçün əlindən gələni edəcəklər ki, Paşinyan axıra qədər hakimiyyətdə qalsın"

Aydan