3 milyard litr spirtli içki, azərbaycanlının şəxsi metrostansiyası olan paytaxt - SƏBUHİ MƏMMƏDLİ YAZIR
    • 30-04-2019, 13:11
    • 2 809

3 milyard litr spirtli içki, azərbaycanlının şəxsi metrostansiyası olan paytaxt - SƏBUHİ MƏMMƏDLİ YAZIR

Burası Moskva. Rusiyanın paytaxtı. O Rusiyanın ki, dünyanın ən böyük dövlətidir. Əslində Moskva mənim ən çox sevdiyim şəhərlər sırasında birincidir desəm, yanılmaram. Düzdür, soyuq şəhərdir Moskva. Yox, sohbət iqlimdən getmir. Ona qalsa bu günlərdə Moskvada havalar Bakıdan çox istidir. Söhbət insanlarından gedir. Bəlkə gəlmələrə görədir, nədir, Moskva insanı istiqanlı deyil. Amma bütün bunlara rəğmən bu şəhəri sevməmək də mümkünsüz. 

Uzun illər böyük bir imperiyanın paytaxtı olub. Dünyanın siyasi iqtisadi mərkəzlərindən biridir. Təsadüfi deyil ki, dünyada ən çox milyarderin yaşadığı şəhər sayılır Moskva - düz 84 nəfər. Onlardan bir neçəsi isə azərbaycanlıdır. 

Hə, azərbaycanlı milyarder demişkən, “Krokus” holdinqin sahibi Araz Ağalarov nəinki Moskvada və Rusiyada dünyada metrostansiya sahibi olan yeganə şəxsdir. Moskva metrostansyiasının “Myakinino" stansiyasını Araz Ağalarov şəxsi vəsaiti hesabına 2009-cu ildə tikib. Stansiyanın yaxınlığında A. Ağalarova məxsus çoxfunksiyalı "Crocus City" kompleksi, "VEGAS2" və "Tvoy dom" Ticarət Mərkəzi yerləşir.
Metrodan söz düşmüşkən, Moskva metropoliteni dünyanın ən gözəllərindəndir.
212 stansiyası var. Xətlərin ümümi uzunluğu 380 kilometrdir. Təsəvvür edin, təxminən Bakıdan Şəmkirə qədər olan məsafə. 
Moskva metrosu dünyanın ən böyük və ən sürətli metrosudur - qatarların sürəti saatda 120 kilometrə çatır. Hər il Moskva metrosundan 3,2 milyard sərnişin istifadə edir. 

Bu metro gün ərzində təxminən 10 milyon sərnişin daşıyır - təxminən Azərbaycanın əhalisi qədər.
Paytaxtın əhalisinin sayı 15 miylona yaxındır. Hər gün bu şəhərə 1 milyon insan girib-çıxır. Şəhərdə 1 miylona yaxın azərbaycanlının yaşadığı deyilsə də, əslində bu rəqəm şübhəli görünür. Amma dostumuz Teymur Hüseynov deyir ki, araşdırsan elə bu qədər olar. Çünki qeydiyyyatsız yaşayan xeyli həmvətənlimiz var Moskvada. 
Moskvanın görməli yerlərindən ən birincisi bütün Rusiyanın simvolu sayılan Moskva Kremlidir. Tarixi mənbələrdə ilk dəfə 1147-cı ildə adı çəkilən Kreml şəhərin mərkəzində Borovitsk təpəliyində yerləşir. Yeri gəlmişkən, hazırda Kreml ətrafında “Borovitski” adlı metro stansiyası var. Ümumiyyətlə, Kreml kompleksi və Moskva metrosu barədə bir faktı deyim özünüz təsəvvür edin: Bu kompleksin ətrafına 5 metro stansiyası çıxır. Dünyanın ən böyük kitabxanası olan Lenin adına kitabxana da məhz bu ətrafda yerləşir.
Şəhərdə qiymətlər regionlara nisbətən olduqca bahadır. Qazsız bir şüşə adi su bizim pulla manat yarımadır. Bakı və Azərbaycanın regionları ilə müqayisədə burda paytaxt- əyalət müstəvisində qiymətlər astronomik fərqlənir.
Əyalət demişkən, Rusiyanın özündə hamı Moskvaya can atır. Təsəvvür edin, quru ərazisi 17 milyon kvadrat kilometr olan bu ölkənin 85 faizi sadəcə, yaşayış üçün yararsızdır. Yəni əbədi buzlaqlar, bataqlıqlar, çaylar, göllər, xeyli sahənin mönsümlərdə subasarlıqda olması, xeyli miqyasın dağlıq, dərəlik, səhralıq olması səbəbindən yaşamaq mümkün deyil. Bir sözlə, rusiyalıların normal yaşaması üçün bütün ölkə ərazisinin 15 faizi mümkündür. Bu faiz Sudanın ərazisindən bir az böyük, Qazaxıstandan bir az balacadır. Hə, mənim əzizlərim, real Rusiya budur, ola bilsin ki, bu barədə eşitməmisiniz. 

Dostumuz Xəqani Xudaverdiyevin araşdırmasına görə, Rusiyanın əhalisi təxminən 132 milyon nəfərə yaxın olsa da, onların 60 faizi qocalar, uşaqlar, əlillərdir. Təsəvvür edin, əhalinin yalnız 20 milyonu əmək qabiliyyətlidir. Onlardan 1 milyonu dustaqxanalardadır, 1 milyonu FHN-də, DIN-də, Federal Təhlükəsizlik Xidmətində, MN-də xidmət edir. Qalanlardan 4 milyon xroniki alkoqolikdir, 1,5 milyonu narkomandır. 132 milyonun 15 milyonu Moskva şəhərində və Moskva vilayətində yaşayır, bunların da yalnız 31 faizi rusdur. 
“Rusiyada 160 nəzarətedici orqan var. Bu orqanlar istənilən vaxt yoxlamaya gələ bilərlər, təbii ki, rüşvət almaq üçün. Yəqin bilmirsiniz ki, Rusiya vətəndaşları ayrı-ayrı məmur ierarxiyalarına il ərzində 3 milyard dollardan çox rüşvət verir. 

Xəqani bəy deyir ki, Rusiyada iqtisadi cinayətlərdə törədilmiş maddi zərər ən yüksək həddə – 1 trilyon rubla qalxıb. Bu bizim pulla 22 milyarddan xeyli çoxdur. Rusiya Federasiyasının vətəndaşlarının 1,5 faizi milli sərvətlərin 50 faizinə sahibdirlər. 

Başqa bir statistika rusiyalılar adambaşına il ərzində 18 litr araq içir. Bu da 2,3 milyard litrdən çox spirtli içki deməkdir. 
Rusiya əhalisi təkcə azalmır, həm də yaşayış yerləri boşalır. Təkcə Sibirdə son 7 ildə 11 min kənd, 290 kiçik şəhər tamamilə sakinsiz qalıb, xarabadır. Hamı Moskva başda olmaqla iri şəhərlərə axışır. SSRİ dağılanda Rusiya əhalisinin 148 milyona yaxın idi. Amma sonradan milyonlarla insan ölkəni tərk edib.
Bax, belə. 

Amma Rusiya, Moskva səfərimizin məqsədi təkcə bu ölkədən, onun paytaxtından reportaj hazırlamaq deyil əslində. Necə deyərlər bir yol qeydləridir, etdik. Üzü Kaluqaya gedirik. Yenidən Moskvaya qayıdacağıq. Yazılası mövzular çoxdur. News24.az-la qalın, maraqlı olacaq.

Bakı – Moskva 
Səbuhi Məmmədli