Ekspertdən Xəzər dənizi ilə bağlı SOS
    • 15-04-2024, 20:52
    • 215

Ekspertdən Xəzər dənizi ilə bağlı SOS

“Xəzər dənizində süni torpaq sahələrinin yaradılaraq icarəyə və istifadəyə verilməsinə dair yeni qanun layihəsinin tərəfdarı deyiləm. Çünki bu, Xəzər dənizinin sahil xəttinin zəbt edilməsinə dair ciddi risklər yaradacaq”.

News24.az bildirir ki, bu fikirləri Musavat.com-a iqtisadçı-ekspert Eldəniz Əmirov deyib.

O qeyd edib ki, qanun layihəsində süni torpaq sahəsinin dövlət mülkiyyəti olacağı və özgəninkiləşdirilməsinə yol verilməyəcəyi bildirilir:

“Lakin yaxın keçmişdən başlayaraq Xəzərin sahil xətti boyu müşahidə edilən vəziyyət bu prosesin sadə insanlar üçün Xəzərin əlçatanlığını daha da çətinləşdirəcəyini deməyə əsas verir. Qanuna əsasən, hüquqi və ya fiziki şəxsin torpaq sahəsində, həmçinin sahilboyu zolağın altında olan torpaq sahəsində inşa etdiyi bina və qurğuların mülkiyyət hüquqları qeydiyyata alınacaq. Yaxşı, bəs onda Xəzərin sahilinin mülkiyyət hüququ, ayrı-ayrı şəxslərə malik olan bina və digər qurğularla dolması dənizin sahil xəttini faktiki olaraq sıravi insanlar üçün əlçatmaz etməyəcəkmi?

Digər bir məsələ isə Xəzərin strateji əhəmiyyətidir. Bir gün elə bir məqam gələcək ki, bu gün qanunla atılmış addımlar və verilmiş mülkiyyət hüquqları gələcəkdə dövlətin maraqları önə çıxdığı zaman mülkiyyət toxunulmazlığına dair problemlər ortaya çıxaracaq”.

Ekspert əlavə edib ki, Xəzərlə bağlı görüləcək işlər çoxdur:

“Məsələn, Xəzərdə qəfəs balıqçılığının inkişaf etdirilməsi üçün qəfəs balıqçılığına dair qanun layihəsinin hazırlanması və ya Xəzərə qarşı “Yaşıl Dünya naminə həmrəylik” ilinin fəlsəfəsinə əks olmayan daha önəmli layihələr icra etmək”.