Moskvada 1 May: Mərkəz qapalı, 100 minlər küçələrdə, bir azdan meşələrə -REPORTAJ - Səbuhi Məmmədli Rusiya paytaxtından yazır
    • 1-05-2019, 13:35
    • 898

Moskvada 1 May: Mərkəz qapalı, 100 minlər küçələrdə, bir azdan meşələrə -REPORTAJ - Səbuhi Məmmədli Rusiya paytaxtından yazır

Səhərin gözü açılmamış qaldığım otelin həyətindəki səs-küyə oyandım. Həyəti deyəndə ki, həyət elə küçəyə baxır. “Teatralnıy proezd” Moskvanın mərkəzi küçələrindən biridir. Az qala gecə yarısına qədər bu küçədə avtomobillərin hərəkəti dayanmır. Amma bu, başqa səs-küy idi. Nə baş verdiyini öyrənmək üçün pəncərədən baxanda… Həəə, bu gün 1 May imiş ki? 27 ildir Azərbaycanda qadağan edilmiş 1 May.

***
Maraqlı taixçəsi var 1 Mayın. Düz 130 il əvvəl, 1889-cu ilin iyulunda Parisdə toplanan II İnternasionalın 1-ci Konqresində 1 May tarixi dünya zəhmətkeşlərinin birlik, mübarizə günü olaraq qəbul edildi. Hər ilin 1 may tarixini mitinqlər, aksiyalar və boykotlarla qeyd etmək qərarı alındı.
Sovet İttifaqında bu bayram dünyada ən möhtəşəm səviyyədə keçirilirdi. Mayın 1-də şəhərlərdə böyük nümayişlər keçirilər, möhtəşəm bayram əhval-ruhiyyəsi hökm sürərdi. Peşəsində fərqlənən əməkçilərə mükafatlar, fəxri adlar verilər, Sovet İttifaqının paytaxtına – Moskvaya dünyanın bütün ölkələrindən dəvət olunan qonaqlara sosializmin nəyə qadir olduğu nümayiş etdirilərdi.

Azərbaycanda isə 1920-ci ildən başlayaraq, 1 may Azərbaycanda da rəsmi bayram günü kimi qeyd olunub. Düz, 72 il.
1992-ci ildə mərhum sabiq prezident Əbülfəz Elçibəyin göstərişi ilə 1 mayın rəsmi səviyyədə qeyd edilməsinə son qoyuldu. Hazırda ölkəmizdə bu tarixi sadəcə kommunist partiyaların üzvləri kiçik bir yürüşlə qeyd edirlər.

Bu gün 1 May dünyanın 100-dən artıq ölkəsində ictimai bayram kimi, 70-ə yaxın ölkəsində isə dövlət səviyyəsində rəsmi bayram günü olaraq qeyd edilir. Onların arasında Rusiyanı, o cümlədən işsizliyin daha çox yer aldığı İspaniya, Portuqaliya, Yunanıstanı qeyd etmək olar. Əksər 1 May nümayişləri dinc şəkildə və insidentsiz başa çatsa da, bəzən planlı qarşıdurmalar da yaradılır. Bəzi ölkələrdə bayram günü nümayişə çıxan işçilərin qanı tökülür. İndiyə kimi 1 May nümayişlərində 1000-dən çox insan öldürülüb.

Rusiyada isə 9 May Qələbə günündən sonra kütləvi şəkildə qeyd olunan ən böyük bayramdı 1 May. 
Təsəvvür edin. Bu gün səhər tezdən- daha dəqiqi saat 6.30-dan etbarən Moskvanın əksər mərkəzi küçəsi bağlanıb. Yerli meriya İlinka, Varvarka, Vasilevskiy spusk, Moskvoretskaya, Kremlevskaya Naberejnaya küçələrini, Moskovretsk körpüsünü Qızıl Meydanın tam qapadılması barədə sərəncam verib.

Moskva Həmkarlar Federasiyasının qərarı ilə 10 min nəfərin iştirak edəcəyi böyük bir yürüş start götürüb.
Nəinki yerli moskvalılar, maraqlıdır ki, turistlər belə yürüşə qoşulub. Məsələn ərəblər. Əgər Moskvanın çoxsaylı çinli turistləri 1 Mayın nə bayram olduğunu başa düşürlərsə, ərəblər üçün uşaqlı-böyüklü, qızlı-oğlanlı əllərində şarlar, bayraqlar, şüarlar tutmuş çalıb-oynayan, mahnı oxuyan, hətta bir-birinə qol-boyun sarılıb addımlayan sevgililərin hərəkətləri maraqlı görünür.
Bir azdan 1 Mayın rəsmi hissəsi bitəcək. Hamı Moskva ətrafı meşələrə çəkiləcək. Bayramı süfrə arxasında qeyd etməyə. Amma Moskva vilayəti rəsmiləri bu il bir az bayrama korrektə etmək qərarına gəliblər. Yerli FHN rəsmisi Fyodor Polşin bildirib ki, bu il meşələrdə ocaq qalamaq, kabab bişirmək qəti qadağandır.

Yürüş iştirakçılarndan biri Oleq Lukin News24.az-ın müxbirinə deyir ki, heç kim bizim bayramımıza əngəl ola bilməz. “Həmişə keçirmişik, sonra isə meşələrə gedib kabab çəkmişik. Hər il belə deyirlər. Gəl, sən də gedək qonağmız ol”.

Minnətdarlığımı bildirirəm. Bu gün düz 3 nəfər məni 1 May ziyafətinə dəvət edib. Çox maraqlıdır ki, üçü də meşəyə…

Səbuhi Məmmədli 
Moskva