-
- 23-04-2024, 20:19
- 216
Uşaqlıq dostları arasında borc üstündə qanlı DAVA
Beyləqan rayonunda 1989-cu il təvəllüdlü Tural şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı Rövşənə xəsarət yetirib.
News24.az Demokrat.az-a istinadla bildirir ki, Tural 18 aprel 2023-cü ildə Beyləqan şəhəri, Sərdar İmrəliyev küçəsində tanışı, 1988-ci il təvəllüdlü Rövşənlə 20 manat pul borcu olması ilə əlaqədar mübahisə edərək dalaşıb. Dava zamanı Rövşənin onun yaxasından tutaraq dartıb.
Nəticədə hər ikisi yerə yıxıldıqdan sonra Tural yıxıldığı yerdən durub və yaşadığı evə gedərək evin mətbəxindən mətbəx bıçağını götürüb. Sonra Rövşənin yanına qayıdaraq ona xəsarət yetirmək niyyətilə qarın nahiyəsinə bir dəfə qəsdən bıçaq zərbəsi vurmağa cəhd edib.
Lakin Rövşən onun bu zərbəsindən yayınmaq üçün sağ əlini bıçağın qabağına verib və həmin bıçaq zərbəsi onun sağ əlinə xəsarət yetirib.
Bundan sonra Tural cinayətkar hərəkətlərini davam etdirib hadisə yerindən uzaqlaşan Rövşəni təqib edərək Beyləqan şəhəri, Sərdar İmrəliyev küçəsi ilə Magistral küçəni ayıran su kanalının üzərində salınmış beton körpünün baş tərəfində bıçaqla arxadan önə doğru istiqamətində bir dəfə qəsdən vurub.
Hadisəni törədən Turalın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Tural ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, hadisənin tarixi dəqiq yadında deyil: “Qoşqar ləqəbli, lakin əsil adı Rövşənlə bir məhlə uşağıyıq. Hadisə günü evimin qarşısında küçəyə çıxaraq siqaret çəkirdim. Həmin vaxt Rövşən məni gördü. Rövşənə isə 20 manat borcum olub. Rövşən bu səbəbdən yolu keçərək mənə yaxınlaşdı və pulunu istədi. Mən isə həmin vaxt Rövşənə dedim ki, get qanım qaradı, sonra danışarıq. Bu zaman Rövşən yaxamdan tutdu. Biz yaxalaşdıq. Rövşən məniş .çəkən zaman dizi üstə yerə yıxıldım. Bundan sonra qalxıb evə girdim və bıçaq götürdüm. Çıxdım ki, Rövşəni qorxudum, o da getsin. Gördüm ki, Rövşən orada ayaqüstə mənə gözləyir. Yenidən Rövşənə yaxınlaşdım və ona bir bıçaq atdım. Rövşən isə təpiklə vurdu. Bıçaq öz əlimi girdi. Əlimə bu səbəbdən sonradan tikiş də qoyublar. Bıçaq həmin vaxt əlimdən yerə düşdü. Əyilib yerdən bıçağı götürdüm. Rövşənə bir dənə də bıçaq atdım. Bundan sonra Rövşən qaçaraq getdi. Özüm isə həyətə girdim. Anam qarşıma çıxdı. Anamdan bir stəkan su istədim. Anam isə içəri keçib su gətirməyə getdi. Həmin vaxt rəis müavini içəri girdi. Rövşənin xəstəxanada şokda olduğunu dedi. Əlimi isə anam bintlə sarıdı. Polislər məni şöbəyə apardı. Orada məlum oldu ki, Rövşəni bıçaqla vurmuşam. Özümün isə əlimə tikiş qoyub Şüvəlana göndərdilər. Rövşəni məndən pulunu tələb etməsinə görə yox, hamının gözü qarşısında çəkib yerə yıxdığına görə vurmuşam. Bunu götürə bilməmişəm. Rövşəni əvvəlcə vurmaq fikri olmayıb. Onu qorxutmaq istəmişəm. İkinci zərbəni əsəbi halda vurmuşam, özüm də bilməmişəm. Əməlimdən peşmanam”.
İş üzrə zərərçəkmiş Rövşənin sözlərinə görə, bu hadisədən iki gün əvvəl Tural ona pul lazım olduğunu deyib: “Mən də Turala 30 manat pul vermişəm. Yaxınlaşıb Turala həmin pulu camaatdan aldığımı, mənə “sən öl” vurduğunu dedim, pulu qaytarmamağının səbəbini soruşdum. Həmin vaxt Tural məni itələdi. Mən isə Turalı tutub yerə yıxdım. Turalı yıxanda sonuncu dedi ki, burax gedirəm bıçaq gətirəm. Dedim ki, get gətir. Tural evə girib əlində bıçaqla çölə çıxdı. Bu zaman Turalı təpiklə vurdum. Tural yıxıldı, lakin yenidən durub üstümə gəldi. Turalı hadisə vaxtı iki dəfə yerə yıxmışam. Üçüncü dəfə də Tural duraraq arxamca qaçıb. Hardasa 7-8 metr kənara qaçdım, bıçaq da mənə üçüncü dəfə gələndə dəydi. Tural orda olan daşa tərəf yıxıldı. Üstümə gələndə isə dedim ki, gəlmə üstümə, tutulasan. Tural bıçağı əlində fırlatdı. Bir də gördüm ki, bıçaq sinəmə dəyib. Bundan sonra başım fırlandı. Sonra mənə tər gəldi, ondan sonra yıxıldım. Sonrasını isə xatırlamıram”.
Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Tural 4 il müddətinə azadlıqdan məhrum edilib.