-
- 26-04-2024, 21:30
- 482
Yaddaş zəifliyi və unutqanlıq PROBLEMİ: Əsas SƏBƏBLƏR açıqlandı
“Bəzən insanlar hər hansı bir hadisəni xatırlamaq istəmədiyi üçün onu unudur”.
News24.az bildirir ki, bu fikirləri Yenicag.az-a açıqlamasında insanların əziyyət çəkiyi yaddaş zəifliyi, unutqanlıq və səbəbləri haqda danışan psixoloq Gülnar Orucova deyib.
Onun sözlərinə görə, yaddaş zəifliyi yuxu və əsəb sistemi ilə birbaşa bağlı olan bir məsələdir.
Psixoloq qeyd edib ki, insanlarda yaddaşın zəifliyi bir neçə proseslə bağlıdır:
“Yaddaşın uzunmüddətli və qısamüddətli zəifliyi mövcuddur. Bəzən insanlar hər hansı bir hadisəni xatırlamaq istəmədiyi üçün onu unudur. Bu uşaqlıq illərində yaşadığı travmalar, gördüyü hadisələr olur ki, bəzi insanlar həmin anları yada salmaq istəmir. Özü bu prosesləri unutmağa başlayır. Hər hansı qəza, proses nəticəsində fərd amneziya vəziyyəti yaşayır. Burada əslində fərdlər həmin hadisəni xatırlamaq istəsə də yada sala bilmir.
Ümumiyyətlə yaddaş zəifliyi yuxu və əsəb sistemi ilə birbaşa bağlı olan bir məsələdir. Əgər hər hansı bir şəxs əsəbi, gərgindir, davamlı stressli həyat yaşayırsa, bu haldsa fərdlərdə bu hallar özünü sürətli şəkildə göstərməyə başlayır.
Bəzən bu yaşla əlaqədar da ola bilir”.
G.Orucovanın sözlərinə görə, insanlar yaşlandıqca, onlarda unutqanlıq yaranmağa başlayır.
“Ətrafımıza diqqət etsək, əsəbi insanlar daha tez-tez hər hansı bir yerə əlləri ilə qoyduğu əşyaların yerlərini unuda bilirlər. Çünki əsəbi olduqları üçün bu özünü daha çox büruzə verir. Yəni bütün bu unutqanlıq insanların birbaşa yaşadığı həyatla sıx bağlı olur”, – deyə o əlavə edib.
Psixoloq qeyd edib ki, son zamanlarda yeniyetmələr, xüsusilə abituriyentlərdə unutqanlıq halları da artıb:
“Bu da onların beyinlərinin həddindən artıq yüklənməsi ilə əlaqədardır. Bəzən keçmişdə “səhər tezdən durub oxuyarsan, beynin boş olduğu üçün tez yadında qalar” kimi ifadələr işlədilirdi. Lakin təcrübəm onu göstərir ki, insan beyni ən son qəbul etdiyi informasiyanı daha uzunmüddətli yadda saxlayır. Gecə vaxtı yuxu gəldikdə hər hansı məlumatı oxusaq, beyin onu daha uzunmüddətli yadda saxlayacaq”.